Zəngilanlı məcburi köçkünlər üçün salınmış yaşayış massivində Novruz şənliyi keçirildi
Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində böyük təntənə ilə qeyd edildi.
Yazın gəlişi və bahar bayramı münasibəti ilə təşkil olunan bayram şənliyində Rayon İcra Hakimiyyətinin, rayonun bütün icra nümayəndəliklərinin məsul əməkdaşları, rayon üzrə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak etdi.
Novruzun özənəməxsus xüsusiyyətlərini və adət-ənələrini əks etdirən eksponatların nümayiş etdirildiyi bayram tədbirində, eyni zamanda, rayonun idmançıları öz məharətlərini müxtəlif idman nümunələri ilə göstərdi. Novruzun əsas personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları tamaşaçılarda xoş ovqat yaratdı. Ənənəvi bayram tonqalı yandırıldı.
Bayram şənliyi incəsənət ustalarının, Zəngilan rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən musiqi məktəblərinin kollektivinin təqdim etdikləri bayram konserti ilə davam etdi.