Abşeronda məskunlaşan Zəngilanlı şəhid dəfn edildi
Cəbhə bölgəsində erməni silahlı qüvvələrinin həyata keçirdiyi təxribatın qarşısını alarkən Azərbaycan ordusunun əsgəri, Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan 1996-cı il təvəllüdlü Baxşəliyev Rəşid Əliağa oğlu şəhid olub. Torpaqlarımızın müdafiəsi zamanı canını fəda etmiş şəhidlə vida mərasimi məskunlaşdığı Abşeron Gənclər Şəhərciyində baş tutub. Mərasimində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictmaiyyət nümayəndələri iştirak edib.
Şəhidin cənazəsi Sumqayıt şəhərindəki “Şəhidlər Xiyabanı”na gətirilib. Cənazə namazı qılındıqdan sonra şəhidimizin nəşi Azərbaycan Dövlət Himninin və yaylım atəşinin sədaları altında dəfn edilib. Şəhid böyük izdihamla son mənzilə yola salınıb. Şəhidin tabutu üzərinə bükülən üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq onun atasına təqdim edilib.
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.
Allah şəhidimizə rəhmət eləsin!