Zəngilan RİH-nin başçısının növbəti səyyar qəbulu Sabunçu rayonu, Ramana qəsəbəsində məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi
Təsdiq edilmiş qrafikə uyğun olaraq Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu mart ayının 15-də Sabunçu rayonu, Ramana qəsəbəsi, IX mədən ünvanında məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə keçirildi. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon üzrə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbərləri iştirak etdi.
Novruz bayramının sonuncu çərşənbəsi olan Torpaq çərşənbəsinə təsadüf edən qəbulda rayon rəhbəri əvvəlcə sakinlərin bayramını təbrik etdi və ən xoş arzularını çatdırdı. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirilən səyyar qəbulların vətəndaşların təklif və şikayətlərinin yerində araşdırılaraq tədbir görülməsi məqsədi daşıdığını qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı sakinlərin müraciətlərini dinlədi.
Məmmədov Oqtay Tapdıq oğlu məcburi köçkünlərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə Prezidentinə, müraciətlərə göstərilən həssaslığa görə Rayon İcra Hakimiyyəti başçısına əhali adından minnətdarlığını bildirdi və ona fəaliyyətində uğurlar arzuladı.
Digər sakinlərin müraciətləri əsasən işlə təmin olunmağa, əlilliyə görə pensiya almağa, məskunlaşdığı yataqxanada beton örtüklü olan döşəmənin taxta örtük ilə dəyişdirilməsinə köməklik göstərilməsi barədə oldu.
Sakinləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə müraciətlərin həlli nəzarətə götürüldü. Rayon rəhbəri ayrı-ayrı sahələrə dair qeyd edilmiş məsələlərin həlli üçün mümkün tədbirlərin görüləcəyini bildirdi.