Zəngilan RİH-nin başçısı Nizami rayonu, Keşlə qəsəbəsində məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə görüşdü
Martın 29-da Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Nizami rayonu, Keşlə qəsəbəsi, Q.Zakir küçəsində yerləşən fərdi evlərdə məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə növbəti səyyar qəbulu keçirildi. Qəbulda rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul işçiləri, rayon hüquq mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri də iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və gələcəkdə nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verdi. Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə çıxışları dinlədi.
Sakinlərin müraciətləri əsasən yaşadıqları yerin dam örtüyünün təmir olunmasına, müvəqqəti məskunlaşdıqları yarımçıq tikilinin bir hissəsinin qazlaşdırılmadığı üçün qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi barədə oldu. Sakinlərdən biri xəstə övladlarının müalicəsi üçün maddi yardım edilməsini, ikinci qrup əlil olan digər bir sakin isə sanatoriyaya göndərilməsinə köməklik olunmasını xahiş etdi.
Problemləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciətlərin bir çoxu yerindəcə həll edildi, digərlərinin isə aidiyyəti idarələrlə əlaqə saxlanılaraq müsbət həlli üçün bütün mümkün tədbirlərin görüləcəyi bildirildi.