Zəngilan rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu
Martın 7-də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Zəngilan Rayon İcra Hakimiyyətində bayram tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yanaşı, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak etdi.
İlk olaraq RİH-nin başçısı Ramiz Həsənov bütün rayon qadınlarını təbrik edərək, onlara ən xoş arzularını çatdırdı. Azərbaycanda qadınlara göstərilən ənənəvi ehtiramdan, dövlət qayğısından danışan rayon rəhbəri bildirdi ki, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlarımız öz bilikləri, bacarıqları, işgüzarlıqları ilə hər zaman seçilirlər.
Çıxışlarla davam edən bayram tədbirində başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Seyfəddin Paşayev, başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov, YAP Zəngilan Rayon Təşkilatının sədri Əsəd Hüseynov, Zəngilan Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Nəcəfzadə bu əlamətdar gün münasibəti ilə rayon qadınlarını təbrik edərək, cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışdılar.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Maya Bağırova, Mincivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Ramilə Vəliyеva hər zaman qadınlara göstərilən yüksək diqqət və qayğıya görə rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı tədbirdə iştirak edən qadınlara hədiyyələr təqdim etdi. Daha sonra qadınlar çay-şirniyyat süfrəsinə dəvət olundular.