Yasamal rayonunda yerləşən yataqxanada yaşayan zəngilanlı məcburi köçkünlər ilə səyyar görüş
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov rayon rəhbəri təyin olunduğu gündən müxtəlif bölgələrdə məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə mütəmadi olaraq görüşlər keçirmişdir. Növbəti görüşlərdən biri də 09 mart 2016-cı il tarixində Yasamal rayonu, M.Davud küçəsində yerləşən yataqxanada oldu. Görüşdə rayon rəhbəri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, rayonun idarə və müəssisələrinin rəhbərləri də iştirak etdi.
Ərazidə yerləşən Zəngilan rayon 21 saylı tam orta məktəbdə keçirilən görüş zamanı RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlər, regionda hökm sürən iqtisadi, siyasi və hərbi böhran şəraitində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, uğurlu iqtisadi islahatlar, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bir sıra tədbirlər barədə ətraflı məlumat verdi, məcburi köçkünləri daha çox narahat edən mənzillə təmin olunma ilə bağlı dövlət proqramı haqqında danışdı.
Rayon rəhbəri bildirdi ki, rayonun məcburi köçkünlərinin yaşadıqları ərazilərdə keçirilən davamlı səyyar görüşlərin nəticəsi sakinləri narahat edən bir sıra problemlərin, müraciət və şikayətlərin sayının azalması ilə müşahidə olunur.
Daha sonra sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə çıxışlar dinlənildi. Səyyar qəbul zamanı çıxış edən sakinlər məcburi köçkünlərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.
Görüş sonrası Rayon İcra Hakimiyyətinin başçısı 21 saylı tam orta məktəbin müəllim kollektivi ilə görüşdü, onların təhsil səviyyəsi və tədris şəraiti ilə maraqlandı.