Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirildi

17 oktyabr 2025 | 15:11

18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasının akt zalında “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda tədbir keçirildi.

Zəngilan Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Zəngilan RİH başçısı, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, məktəb direktorları, rayon ziyalıları və rayon ağsaqqalları iştirak etdi.  

Tədbir  Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlandı.

Tədbiri giriş sözü ilə açan  Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov  1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı qəbul edilməklə, ölkəmizin dövlətçilik ənənələrinin dirçəldilməsində - müstəqilliyimizin bərpa olunmasında mühüm tarixi hadisənin baş verdiyini vurğuladı. Rayon rəhbəri qeyd etdi ki, müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Bu gün layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi naminə məqsədyönlü islahatlar həyata keçirilib və keçirilməkdə davam edir.

Tədbirdə mövzu ilə bağlı RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Şəhla İmanzadə məruzəsində tarixi keçmişdə Azərbaycanın başına gələn müsibətlərdən, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra əldə olunan nailiyyətlərdən və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən bəhs etdi.

Məruzədən sonra çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Vətən müharibəsində qazanılan böyük Qələbədən bəhs edərək bidirdi ki, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə böyük uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!

Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru vəzifəsini icra edən Könül Rüstəmova, Zəngilan RİH başçısının Ördəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Coşqun Musayev, Zəngilan rayon 21 nömrəli məktəbin müəllimi Şəbnəm Nəcəfli öz çıxışlarında müstəqilliyimizin bərpasından sonra xalqımızın qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdığından bəhs etdilər.

Tədbirin sonunda  mövzu ilə əlaqəli videoçarx nümayiş etdirildi.

Keçidlər