Şriftin ölçüsü :

Saytın rəngi :

Astrid Lindqrenin Azərbaycan dilinə tərcümə olunmuş kitabları məcburi köçkün məktəblərinə təqdim olunub

03 fevral 2016 | 16:00

Fevral ayının 3-də Masazırda məcburi köçkünlər üçün salınmış yaşayış massivində fəaliyyət göstərən Zəngilan rayon Mədəniyyət və Turizm Şöbəsinin klubunda  “Astrid Lindqren yaradıcılığı Azərbaycan dilində” adlı sosial layihənin təqdimat mərasimi keçirildi.
İsveç Krallığının Bakıdakı Səfirliyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azercell şirkətinin birgə sosial layihəsinin təqdimat mərasimində Zəngilan rayon İcra Hakimiyyətinin başçısı, Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, İsveç Krallığının Azərbaycandakı səfirliyinin nümayəndələri, Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli, rayon məktəbinin müəllim və şagird kollektivi iştirak etdilər.
Təqdimat mərasimində çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycanın bütün bölgələrini əhatə edən bu sosial layihənin əhəmiyyətindən danışdı. Rayon rəhbəri bildirdi ki, qaçqın və məcburi köçkün ailələrindən olan azərbaycanlı uşaqlar arasında, hətta oxumaq həvəsi olmayan uşaqlarda bu kitablar böyük maraq yaradacaq, oxumaq həvəsini stimullaşdıracaq.
Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov çıxışında bildirdi ki, layihə İsveçdə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin vəziyyəti haqqında məlumatın yayılmasına kömək edəcək. F.Hüseynov qeyd etdi ki, 610 qaçqın və məcburi köçkün məktəblərinin hər biri İsveç yazıçısı Astrid Lindqrenin Azərbaycan dilinə yeni tərcümə olunmuş 9 kitabı ilə təmin olunacaq.
İsveçin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestap, səfirliyin rəsmisi Mikael Erikson da bu kimi  qarşılıqlı maraq kəsb edən layihlərin həyata keçirilməsinin iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə verəcəyi  töhfədən danışdılar. Bildirdilər ki, səfirlik eyni zamanda, Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində bir sıra addımlar atacaq.
Daha sonra çıxış üçün söz Azercell şirkətinin prezidenti Vahid Mürsəliyevə və “Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərliyə verildi.
Tədbirin sonunda 33 saylı Zəngilan rayon məktəbinin şagirdləri tərəfindən “Uzuncorab Poppi”, “Damda yaşayan Karlsson” əsərlərindən səhnəciklər nümayiş olundu.

Keçidlər