20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə tədbir keçirildi
20 Yanvar 1990-cı il... Çağdaş dövrümüzün qürur, şərəf mücadiləsi olan bu tarix xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsidir.
Yanvarın 19-da Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Mədəniyyət evinin zalında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti, rayonun hüquq mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İlk olaraq ana yurdun müdafiəsində öz canlarını sipər edən şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra aparıcı 20 Yanvar faciəsi barədə məlumat verərək bildirdi ki, Sovet Ordusu Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə etiraz edən, azadlıq, müstəqillik uğrunda qəhrəmancasına mübarizə aparan xalqımızın inam və iradəsini qırmaq, milli mənliyini məhv etmək məqsədilə bəşər tarixində insanlığa qarşı ən qanlı hadisələrdən birini törətdi.
Tədbirdə 20 Yanvar faciəsini əks etdirən qısametrajlı film, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyində faciə ilə əlaqədar etdiyi çıxış nümayiş olundu.
Zəngilan rayon 4 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı “Azadlıq şəhidləri” adlı ədəbi-bədii kompozisiya və sonda nümayiş etdirilən Azərbaycan Respublikasının prezidenti Ali baş Komandan cənab İlham Əliyevin çıxışı tədbir iştirakçılarında dərin təəssürat yaradaraq, şəhidlərimizin qanının yerdə qalmayacağına inam hissini artırdı.