Kimsəsiz və aztəminatlı uşaqlar üçün Yeni İl şənliyi keçirildi
Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə kimsəsiz və aztəminatlı uşaqlar üçün Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində yerləşən rayon Mədəniyyət evinin klubunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə tədbir keçirildi.
160 nəfərdən çox kimsəsiz və aztəminatlı uşağın iştirak etdiyi tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov təbrik nitqi ilə çıxış edərək ən xoş arzularını dilə gətirmiş, əminliklə bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə inkişaf edərək çiçəklənən respublikamızda bütün xalqımızı, eləcə də, uşaqları qarşıda daha firəvan, gözəl həyat gözləyir.
Tədbirdə uşaqlar üçün Bakı Uşaq Teatrı əyləncəli proqram nümayiş etdirdi və onlara yeni il hədiyyələri təqdim edildi.