ZƏNGİLANSIZ 22 İL
29 oktyabr 2015-ci il tarixdə Zəngilanın erməni silahlı birləşmələri tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun rəhbərliyi ilə idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti Şəhidlər Xiyabanına gedərək ana yurdun, o cümlədən, Zəngilanın müdafiəsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarlarını tər gül dəstələri ilə ziyarət etmişlər. Yüzlərlə zəngilanlının qatıldığı tədbirdə şəhidlərin ruhuna dualar oxunub, Allahdan rəhmət diləndi.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək, qaçqın və məcburi köçkünlərin sosial durumunun yüksəldilməsinin dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil etdiyini və bu istiqamətdə uğurlu nəticələrin əldə olunduğunu, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bu qəbildən olan soydaşlarımızın hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, onarın müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsinin dövlətin bu insanlara göstərdiyi diqqətin əsas göstəricisi olduğunu qeyd etdi. Həmçinin, köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramlarının qəbul edildiyini, sosial müavinətlərinin artırılması istiqamətində mühüm tədbirlərin görüldüyünü vurğuladı.
Sonda natiq Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacağından əmin olduğunu bildirdi.