Doqquz Ayın Yekunları Müzakirə Olundu
Rayon İcra Hakimiyyəti oktyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının giriş və yekun nitqində qarşıya qoyulmuş vəzifələr baxımından öz işini təhlil etmişdir.
Oktyabr ayının 20-də idarə-müəssisə, inzibati orqan, aidiyyəti təşkilat rəhbərlərinin, icra nümayəndəliklərinin iştirakı ilə keçirilən iclasda müzakirə olunan məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənovun məruzəsi dinlənilmişdir.
Məruzəçi göstərmişdir ki, ölkə başçısının qeyd etdiyi kimi, ötən 9 ayda Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artmış, inflyasiya 3,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 5,8 faiz artmaqla, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulmuş, 9 ayda ölkədə 67 mini daimi olmaqla, 87 min yeni iş yerinin açıldığını vurğulamış, qazanılan uğurları ölkəmizin müstəqil siyasət aparması və Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin olunması, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi ilə əlaqələndirmişdir.
Öz işini dövlət rəhbərinin tələbləri səviyyəsində qurmağa çalışan Zəngilan Rayon İcra Hakimiyyəti cari ilin doqquz ayında mövcud 42931 nəfər əhalinin qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların fəaliyyətlərinə nəzarət etməklə, ictimai-siyasi sabitliyi diqqətdə saxlamışdır.
Mövcud fəaliyyətdə olan idarə, müəssisə və təşkilatlarda aparılan işlərin gedişində dönüş yaranmış, görülən işlərin nəticəsi qənaətləndirici faktlara söykənməklə, nəticələrdən göründüyü kimi, bir çox sahələrdə işlərin tempi artmışdır.
2015-ci ilin doqquz ayında statistikadan göründüyü kimi, məşğul əhalimizin çalışdığı kənd təsərrüfatının əkinçilik və heyvandarlıq göstəricilərində ötən ilin eyni dövrü ilə müqayisədə artım olmuş, Ümumi Məhsul Buraxılışının həcmi və kənd təsərrüfatının müxtəlif sahələrində çalışanların sayı artmışdır.
Rayon büdcəsinin yerli gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə artıq olmaqla, 1.624,9 min manat proqnoza 1.740,1 min manat, yəni 107,1% əməl edilmiş, yerli xərclərdən ümumi dövlət xidmətləri və digər büdcə xərcləri müvafiq qaydada icra edilmiş, ümumilikdə, 9 ay üzrə təyinat 82,8% icra edilmişdir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş növbəti (2014-2018-ci illər) Dövlət Proqramının icrası istiqamətində sahibkarlığın dəstəklənməsi məsələsinə diqqət yetirilmiş, ötən illərin davamı olaraq doqquz ayda 33 yeni iş yeri açılmış, əhalinin məşğulluğunun artırılmasına önəm verən sahibkarlığın dəstəklənməsinə fikir verilmişdir.
Məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və məşğulluğun artırılması məsələlərini tənzimləyən Dövlət Proqramında və Proqrama əlavələrdə icrası nəzərdə tutulmuş tədbirlərlə bağlı ötən illərdə olduğu kimi cari ilin doqquz ayında da bəzi işlər görülmüş, fərdi şəkildə 43-ə yaxın məcburi köçkün ailələrin mənzil şəraitləri yaxşılaşdırılaraq yeni mənzillərə köçürülmüş, məcburi köçkün ailələrin müraciətləri əsasında üzləşdikləri çoxsaylı problemlərin qaydaya qoyulmasına müvafiq köməklik edilməklə, ağır şəraitdə yaşayan 30-dan çox köçkün ailəsinin yaşayış şəraitlərinin cari təmir hesabına qismən yaxşılaşdırılması üçün onlara rayon icra hakimiyyətinin daxili imkanları hesabına maddi köməklik edilmişdir.
Əhalimizin məşğulluğunun təmin edilməsi ilə bağlı doqquz ayda bəzi addımlar atılmış, Rayon Məşğulluq Mərkəzinin fəaliyyətinə diqqət yetirilmiş, əmək qabiliyyətli işsiz məcburi köçkün sakinlərin mərkəzin xətti ilə müxtəlif sahələrdə işə cəlb edilməsi istiqamətində iş aparılmış, 2015-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı artmış, 47 nəfəri gənclər olmaqla, müraciət edən 117 nəfər iş axtaran sakin mərkəzdə qeydə alınmış, müraciət edən gənclərin «Kompüter istifadəçisi» kursuna göndərilməsi təmin edilmişdir.Bu sahədə təhlildən göründüyü kimi, Rayon Məşğulluq Mərkəzi öz işini Rayon İcra Hakimiyyətinin tələbləri istiqamətində qurmağa çalışır.
2014/2015-ci tədris ilinin I yarımildəki nəticələrdən və 2015/2016-cı tədris ilinə hazırlıqdan göründüyü kimi, bu sahədə aparılan işlər Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuş, məktəblərdə tarixi günlərin və rayon əhəmiyyətli, tədrisin keyfiyyətinə təsir edə biləcək çoxsaylı tədbirlərin keçirilməsinə, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmalarına nəzarət edilmiş, müsbət nəticələr üçün müvafiq addımlar atılmışdır. Cari ildə orta məktəblərin 11-ci sinfini bitirən 391 nəfər məzundan 304 nəfəri ali təhsil ocaqlarına sənəd vermiş, onlardan 205 nəfəri, yəni 67%-i ali məktəblərə daxil olmuş, 31 nəfəri 500-dən, 11 nəfəri isə 600-dən yuxarı bal toplayan məzunlar RİH-nin başçısı tərəfindən ənənəvi olaraq qəbul edilib mükafatlandırılmış, həmçinin, bu sahədə aparılan işlər sentyabr ayında keçirilən müəllimlərin rayon müşavirəsində RİH başçısının geniş məzmunlu çıxışında öz əksini tapmışdır.
Rayon Mərkəzi Xəstəxanasında ilin 9 ayında sakinlərin tibbi problemlərinin aradan qaldırılması istiqamətində mövcud şəraitə uyğun iş aparılmış, qeydiyyatda olan 125 nəfər şəkər xəstəsi lazımi tibbi qayğı ilə əhatə olunmuş, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin cari ilin aprel ayında müvafiq tapşırığına uyğun olaraq, Rayon İcra Hakimiyyəti başçısı tərəfindən nəzarətə götürülmüş növbəti dəfə əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi işi təşkil edilmiş, mövcud şəraitsizliyə baxmayaraq, may ayının sonuna kimi əhalinin 81%-nin tibbi müayinədən keçirilməsi təmin edilmişdir.
Mədəniyyət və Turizm Şöbəsində ilin 9 ayında mədəni-kütləvi tədbirlərin hazırlanmasına və keçirilməsinə, Tarix Diyarşünaslıq muzeyində eksponatların sayının artırılması və iş şəraitinin daha da yaxşılaşdırılmasına diqqət artırılmış, zəruri tədbirlərin lazımi səviyyədə keçirilməsi təmin edilmişdir.
Gənclər və İdman İdarəsində 9 ay ərzində gənclərin yaradıclıq imkanlarının üzə çıxarılması məqsədilə müvafiq addımlar atılmış, onların fiziki sağlamlıqlarının idmanın müxtəlif növləri ilə möhkəmləndirilməsi məsələlərinə diqqət artırılmışdır.
Əhalinin Sosial Müdafiə Mərkəzində və DSMF-nin rayon Şöbəsində ünvanlı sosial yardımın təyinatına həssaslıq daha da artırılmış, vətəndaşların qəbulu və hər iki sahə üzrə problemlərinə diqqətlə yanaşılmış, pensiya və müavinətlərin vaxtında ödənişi təmin edilmiş, imtiyazlı sakinlərin müraciətlərinə baxılmasında operativliyə fikir verilmişdir.
İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə aparılan işlər «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin və «Dövlət qulluğu haqqında» Qanunun tələblərinə uyğun qurulmuş, əhalinin məskunlaşması, dislokasiyası, yemək xərci müavinətlərinin verilməsi istiqamətində lazımi iş aparılmışdır.
Doqquz ayda vətəndaşlardan, keçən ilin eyni dövrü ilə müqayisədə, əsasən, sayı az olmaqla 450 ərizə daxil olmuş, ötən illərin ənənəsi əsas götürülərək daxil olmuş ərizələrin, ev, torpaq verilməsi və Dövlət Proqramından kənar köçürmə məsələləri istisna olmaqla, icrası vaxtında təmin edilmiş, Rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizələrin 87%-i müsbət həllini tapmış, tənha sakinlərin, şəhid ailələrinin, Qarabağ əlillərinin, pensiyaçıların və digər həssas təbəqənin müraciətlərinə diqqətlə yanaşılaraq, onların qaldırdıqları bu və ya digər məsələ ətrafında lazımi tədbir görülmüşdür.
Səyyar görüş və qəbulların mütəmadi olaraq nəzərdə tutulmuş vaxtlarda keçirilməsi davam etdirilmiş, səyyar görüşlərin, əsasən, bütün məskunlaşma yerlərini əhatə etməsi nəzərə alınmış, doqquz ayda müxtəlif məskunlaşma yerlərində 35 səyyar görüş keçirilmiş, görüşlərdə 1382 nəfərin görüşə qatılması ilə sakinlər tərəfindən qaldırılmış müxtəlif xarakterli 82 müraciətdən 51-i müsbət həll edilmiş, qalan müraciətlərə yerində hüquqi izahat verilmiş, məsələlərin bir çoxunun verilmiş tapşırıq əsasında səyyar görüşlərdə iştirak edən idarə, müəssisə rəhbərləri tərəfindən həlli təmin edilmişdir.
Regionların İnkişafı Analitik İnformasiya Sistemi (RİAİS) proqramının normal işinə nəzarət edilmiş, rayon üzrə müvafiq iqtisadi göstəricilərin, xarici dövlətləri təmsil edən nümayəndələrin və səfirlərin qəsəbədə keçirdikləri görüşləri, digər tədbir və məlumatların vaxtında müvafiq formalar üzrə tələb olunan qaydada hazırlanıb server mərkəzinə göndərilməsi işi davam etdirilmiş, bu istiqamətdə aparılan işlərin ardıcıl çıxan «Zəngilanın səsi» rayon qəzeti vasitəsilə rayon əhalisinə çatdırılması, həmçinin, əhalinin həssas təbəqəsini əhatə edən və diqqət mərkəzində saxlanılan şəhid ailələrinin anım günlərinin, Böyük Vətən müharibəsinin əlil və iştirakçılarının və yaşlı sakinlərin yadda qalan yaş gününün qeyd edilməsi kimi məlumatların müvafiq formalarda öz əksini tapması təmin edilmişdir.
Vətəndaşların qəbulu sistemli və müntəzəm olaraq keçirilmiş, Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 9 ay ərzində aparatda 186 nəfər qəbul edilmiş, şəhid ailələri, Qarabağ əlilləri, tənha və müharibə veteranlarına diqqətlə yanaşılmış, müraciətlərdə qaldırılan məsələlərdən mənzil və torpaq məsələsi, həmçinin, yaş senzi ilə bağlı iş məsələsi istisna olmaqla, qalan məsələlər, əsasən, müsbət həllini tapmışdır.
Doqquz ay ərzində İcra Hakimiyyəti başçısının Xeyriyyə Fondundan 29 şəhid ailəsinə, 23 nəfər Qarabağ əlilinə, 289 nəfər aztəminatlı və ailə üzvü xəstə olan ailələrə, 21 nəfər yası düşmüş ailələrə, ümumilikdə, 362 nəfər məcburi köçkünə yardım edilmiş, evi yanan 4 ailəyə müvafiq maddi köməklik edilmiş, 15 imkansız məcburi köçkün ailəsinin müraciətləri əsasında mənzil şəraitlərinin yaxşılaşdırılması üçün Xeyriyyə Fondundan köməklik olunmuş, digər vacib xeyriyyə tədbirlərinin keçirilməsi təmin edilmişdir.
Ordunun hərbi sənaye qüdrətinin güclənməsinə kömək məqsədilə ötən illərdə qaldırılan təşəbbüsün tələbinə uyğun olaraq hər ay üçün Silahlı Qüvvələrin Yardım Fonduna vəsait köçürülməsi təmin edilmişdir.
Əvvəlki illərin ənənəsinə sadiq qalan hüquq-mühafizə orqanları rəhbərlərinin işi təqdirəlayiq olmuş, məcburi köçkün sakinlərlə onların məskunlaşdıqları ərazilərdə görüşlərin keçirilməsi və söhbətlərin aparılması, qaldırılan məsələlərə hüquqi baxımdan izahat verilməsi gündəlik işlərinin tərkib hissəsi olmuşdur.
Ölkə Prezidentinin apardığı məqsədyönlü və çoxşaxəli siyasətin bütün regionlarla yanaşı, rayonumuza da müsbət təsiri göz önündədir.
Həmçinin, ərəfəsində olduğumuz dövlət tədbirinin Milli Məclisə seçkilərlə bağlı siyasi kompaniyanın rayonda yaradılmış sağlam mühit şəraitində YAP-nın tələbinə uyğun həyata keçirilməsini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətinin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün işdə əsaslı dönüş yaradılmalıdır.
Məruzə ətrafında müzakirələrdə baçşının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov, Rayon Təhsil Şöbəsinin müdiri Zakir İbrahimov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tariyel Salmanov və Məmmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nərminə Bağırova çıxış etmişlər.
Müzakirəyə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov yekun vuraraq, həlli zəruri olan mühüm məsələləri diqqətə çatdırmış, əmin olduğunu bildirmişdir ki, zəngilanlılar möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcək, bütün sahələrdə öz işlərini onun apardığı uğurlu siyasətin tələbinə uyğun quracaqlar.