Milli Musiqi Günü
Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Musiqi gerçək aləmi səslər vasitəsilə əks etdirən incəsənət növüdür. Musiqi tərbiyyəsi estetik tərbiyyənin ən əsas tərkib hissələrindən biri olub, insanda yüksək bədii-estetik zövqün formalaşmasında, zəngin ideya, mənəvi düşüncə tərzinin yaranmasında mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də anadan olmuşdur. Hər il sentyabrın 18-i Milli Musiqi Günü kimi qeyd olunur.
Üzeyir bəy əsrinin yaradıcılıq sınaqlarından qalib çıxmaqla dünya şöhrəti qazanmış və beləliklə də, doğma xalqının başını ucaltmış əbədi-yaşar sənətkardır.
Üzeyir Hacıbəyli müsəlman olan ilk opera müəllifidir. O, “Leyli və məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqində opera sənətinin əsasını qoymuşdur. Üzeyir Hacıbəyli “Leyli və məcnun”, “Koroğlu” operalarının, “Sənsiz”, “Sevgili canan” romanslarının, “Arşın mal alan”, “Ər və arvad” kimi sevilən operettaların müəllifidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Üzeyir Hacıbəyli Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir.”
Ölkəmizin hər bir yerində olduğu kimi, rayonumuzda da Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130 ili münasibəti ilə tədbir təşkil olunmuşdur. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. Sonra Üzeyir Hacıbəylinin gözəl musiqiləri ifa olundu. Tədbirdə Bartaz kənd uşaq musiqi məktəbinin xor kollektivi, Tural Salmanov, Fərhad Nəsirov, Nərgiz Mehdiyeva, Nurlan Cəfərli, Rəcəb Rəcəbli, Vüqar Əhmədov, Ülviyyə Hacıyeva dahi bəstəkar Üzeyir Hacıbəyliyə aid gözəl musiqilər səsləndirmişlər.