Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni tədris ili başlandı

15 sentyabr 2015 | 15:00

Dərs ilinin ilk günü – Bilik Günü ölkədə ən geniş qeyd olunan, demək olar ki, bütün ölkə əhalisinin bayram kimi qəbul etdiyi günlərdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərsin 15 sentyabrda başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.
Müstəqil Azərbaycanımızın bütün təhsil ocaqları kimi, rayonumuzun ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri də, aylardan bəri hazırlıq gördükləri 15 sentyabr – “Bilik Günü”nü bayram əhval-ruhiyyəsi ilə qeyd etmişlər.
Yeni tədris ilinin ilk günündə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ramiz Həsənov Sumqayıt şəhərində fəaliyyət göstərən 15 nömrəli Zəngilan tam orta məktəbində olmuşdur.
Zövqlə bəzədilmiş məktəb zalında təşkil edilən “Bilik Günü” Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Əliyəddin Həsənov çıxışına təbriklə başlayaraq, ötən tədris ilinin yekunları, yeni dərs ilinə hazırlıq, təhsil islahatları ilə əlaqədar pedoqoji kollektivin qarşısında duran mühüm vəzifələr barədə danışmışdır. Sonra söz  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ramiz Həsənova verilmişdir. Rayon rəhbəri “Bilik Günü” münasibətilə məktəbin pedoqoji kollektivini, şagirdləri və valideynləri salamlayaraq, xoş arzularını bildirmiş, onları səmimi qəlbdən təbrik etmişdir. Hələ sovet dönəmindən başlayaraq ümummilli lider Heydər Əliyevin, son illərdə isə möhtərəm prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  Azərbaycanda təhsilin inkişafına göstərdikləri böyük qayğını və xidmətləri diqqətə çatdırmışdır. Eləcə də, son dövrlər rayonda təhsil sahəsində irəliləyişləri vurğulamış, 15 nömrəli tam orta məktəbin pedoqoji kollektivini və şagirdləri yaradılan imkan və şəraitə layiq çalışmağa, yalnız müsbət nəticələr əldə etməyə çağırmışdır. Rayon rəhbəri valideyn-məktəb münasibətlərinin əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin önəmini qeyd edib.
Sonra valideyn Məhərrəmov Bəhlul, 11-ci sinif şagirdi Mahmudova Aynur çıxış etmişlər.  İlk zəngi 11-ci sinif şagirdi Süleymanov Oruc və 1-ci sinif şagirdi Məmmədov İsmayıl səsləndirmişlər. Beləliklə, məktəb öz doğmalarını qoynuna almışdır.
Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi, burada da, ilk dərs möhtəşəmliyi ilə hələ uzun müddət yaddaşlarda qalacaq Bakı 2015 İlk Avropa Oyunları mövzusuna həsr edilmişdir.

Keçidlər