Müdrüklük nuruna boyanmış ömür
Ziyalı insan dərin elmi təfəkkürü, əyilməz qüruru, parlaq iradəsi, səmimiyyəti ilə yanaşı, müqəddəs hiss duyğuları özündə ehtiva edən vətən sevgisi, torpaq məhəbbəti, kökə bağlılıq kimi yüksək mənəvi-əxlaqi dəyərlərə sahib olmalıdır.
Məhz belələrindən biri ictimaiyyətin sayılıb-seçilən ziyalısı, Respublika Jurnalistlər Birliyinin və Ağsaqqallar Şurasının üzvü, uzun illər Dövlət Təhlükəsizlik orqanında fəaliyyət göstərən qayğıkeş ailə başçısı Bəxtiyar İbrahim oğlu Süleymanlıdır.
Bəxtiyar Süleymanlı 1925-ci ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1942-ci ildə Bartaz kənd poçt idarəsinin bölmə rəisi işləməklə başlamışdır. Sonralar Respublika Dövlət Təhlükəsizlik Komitəsinin Mərkəzi Aparatında bölmə rəisi vəzifəsinə təyin edilmişdir. Onun Dövlət Təhlükəsizlik orqanlarında qüsursuz fəaliyyəti və yüksək əməliyyat göstəriciləri “Əmək rəşadəti”, “Hərbi rəşadətə görə”, “Dövlət Sərhədinin qorunmasında fərqləndiyinə görə” medalları, “SSRİ DTK-nın fəxri əməkdaşı” döş nişanı ilə qiymətləndirilmişdir ki, bütövlükdə bunların sayı 50-dən yuxarıdır.
Ailəlidir, 4 övladı, 8 nəvəsi və 4 nəticəsi var.
Rayon ziyalısının 90 illik yubileyində Rayon İcra Hakimiyyətinin Başçısı cənab R.Həsənov və rayon ağsaqqalları iştirak etmişdir. Rayon rəhbəri çıxışında bildirmişdir ki, Bəxtiyar müəllim əsil ziyalı üçün gərək olan bütün müsbət xüsusiyyətləri öz xarakterində cəmləşdirmişdir. Onda nəinki dövlət məmuruna xas olan keyfiyyətlər-cəmiyyətlilik, tələbkarlıq, neqativ hallara qarşı barışmazlıq, millətə, dövlətə sadiqlik, həm də ağsaqqallıq, təmkinlilik, qarşısındakı insanları dərindən duymaq, heç kəsin mənəviyyatına toxunmamaq kimi müsbət xüsusiyyətlər olduqca yüksəkdir. Ramiz müəllim Bəxtiyar müəllimi təbrik edərək, ona can sağlığı, uzun ömür arzulamış, yublyarın çəkilmiş rəsmini və gül dəstəsini ona təqdim etmişdir.
Sonda Bəxtiyar müəllim rayon rəhbərliyinə, rayonun ziyalılarına göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.