AZƏRBAYCAN TARİXİNİN ŞANSLI SƏHİFƏSİ
Xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda xalqın tələbi ilə hakimiyyətə qayıdışının 23-cü ildönümü-Milli Qurtuluş Günü münasibətilə Zəngilan Rayon İcra Hakimiyyəti geniş bayram tədbiri keçirmişdir.
Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində yerləşən rayonun 33 nömrəli tam orta məktəbinin bayram tərtibatı verilmiş idman zalında təşkil olunan tədbirə əbədiyaşar şəxsiyyət Heydər Əliyev əzəmətini, dövlət, xalq qarşısında xidmətlərini tərənnüm edən dəyərli deyimlər, musiqi nömrələri, ifalarla start verilmişdir.
Milli Qurtuluş Gününün Azərbaycanda keçirilən Birinci Avropa Oyunları ilə eyni vaxta düşməsi bayram tədbirinin proqramında da öz əksini tapmışdır. Belə ki, sonrakı çıxışlarda əsas yer Azərbaycan Respublikasının Əməkdar məşqçisi Səyavuş Bayramovun başçılıq etdiyi «Araz» peşəkar idman klubunun və finalda iştirak edən digər klubların yeniyetmə və gənc idmançılarına verilmişdir. Onların bir saata qədər davam edən nümunəvi çıxışları və karate idman növü üzrə rəsmi yarışları maraqla izlənilmiş və dəfələrlə sürəklə alqışlanmışdır.
Sonra Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı R.Ş.Həsənov Milli Qurtuluş Günü ilə əlaqədar geniş nitq söyləmişdir. Ulu Öndərin həm sovet dönəmində, həm də xalqın tələbi ilə hakimiyyətə qayıdışı zamanı Azərbaycan dövləti, xalqı üçün gördüyü böyük işləri qürur hissi ilə diqqətə çatdıran rayon rəhbəri qeyd etmişdir ki, hər mənada Milli Qurtuluş Günü –Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsi ölkəmiz, xalqımız üçün böyük tövhə, xoşbəxtlik idi və Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra Müstəqil Azərbaycana dövlətçilik sükanını möhkəm saxlamağa qadir olan övlad –İlham Əliyev kimi qüdrətli, müdrik siyasi xadim yetirməsidir. Məhz İ.Əliyevin yüksək dövlətçilik, idarəçilik bacarığı, müstəsna siyasi, intellektual keyfiyyətləri sayəsində bu gün Azərbaycan dünyanın nüfuzlu, söz sahibi olan ölkələrindən birinə çevrilmişdir.Nitqinin əvvəlində olduğu kimi, sonunda da RİH-nin başçısı R.Həsənov əlamətdar gün münasibəti ilə iştirakçıları, bütün zəngilanlıları ürəkdən təbrik etmiş və əmin olduğunu bildirmişdir ki, rayon camaatı bundan sonra da ölkə başçısının müəyyən etdiyi kursa sadiq qalacaq, bütün imkanlarla qarşıya qoyulmuş vəzifələrin həllinə öz töhfələrini verəcəklər.
Tədbirin sonunda keçirilmiş rəsmi idman yarışlarında yüksək nəaliyyətlər əldə etmiş yeniyetmə və gənc idmançılar medallar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.