ZƏNGİLANIN İŞĞALINDAN 18 İL KEÇİR. Böyük qayıdışa dərin inam hissi ilə
Zəngilanın işğalının 18-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
28 oktyabr 2011-ci il tarixdə rayon ictimaiyyətinin nümayəndələri və anım tədbirinə dəvət olunmuş qonaqlar Şəhidlər Xiyabanını, orada uyuyan Zəngilan şəhidlərini ziyarət etmiş, məzarlar üzərinə tər gül dəstələri qoymuşlar.
Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov, Şuşa rayon icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov anım mərasimində çıxış etmişlər.
Şəhid atası Qəzənfər Rüstəmov övladlarına göstərilən diqqət və ehtirama görə ziyarətə gələnlərə razılığını bildirmişdir.
Prezident aparatının məsul işçisi Rövşən Ağayev, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova anım mərasimində iştirak etmişlər.
Qaniçən erməni silahlı birləşmələri tərəfindən rayonumuzun işğalının ildönümü günü olan oktyabr ayının 29-da anım mərasimi davam etdirilmişdir.
Beynəlxalq mətbuat mərkəzində rayonun idarə-müəssisə və təşkilatlarının, inzibati orqanların rəhbərlərinin, geniş ictimaiyyət və mətbuat nümayəndələrinin, dəvət olunmuş qonaqların iştirakı ilə keçirilən yığıncaq Zəngilan uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsinin yad olunması ilə başlanmışdır.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov hüzünlü ildönümü ilə əlaqədar nitq söyləyərək mənfur qonşularımızın əsassız torpaq iddiaları, Azərbaycan ərazilərinin işğalına şərait yaradan hadisələr və amillər haqqında danışmış, Araz çayının suyunun azaldılmasına, mühasirədə olan əhalinin İran islam Respublikasına keçməsinə nail olmaqla Zəngilanda Xocalı faciəsinin təkrarlanmasına yol verməyən ulu öndər Heydər Əliyevin xidmətlərini ehtiramla yada salmış, rayonu qoruyan silahlı qüvvələrin əhalinin vəhşi düşmən caynağından xilası üçün borcunu sonadək yerinə yetirdiyini qeyd etmişdir. Bununla yanaşı, başçı vurğulamışdır ki, bu gün dünya birliyi ölkələri arasında böyük nüfuz qazanan Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı, müdrik prezidentimiz İlham Əliyevin rəhbərliyi altında vüsətli inkişaf yolundadır. Gündən-günə möhkəmlənən dövlətimizin və ordumuzun gücü ilə torpaqlarımızın işğaldan azad olunması üçün bütün əməli işlər və tədbirlər görülür. Böyük qayıdışın başlanacağı gün uzaqda deyildir.
Anım yığıncağında Milli Məclisin deputatı İmamverdi İsmayılov, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, rayon ağsaqqalı Cəmil Tağıyev çıxış etmişlər.
Tədbirdə Zəngilan haqqında şeirlər səslənmiş və «Zəngilandan məktub var» adlı qısametrajlı film nümayiş etdirilmişdir.