Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərə örnək ömür yolu

01 may 2015 | 15:00

Hər bir insan ömrü məqsədlər, arzular naminə mübarizədir. Bu mübarizədə tədbirli olanlar, məqsədə çatmaq üçün doğru yol seçənlər sonda mütləq uğur qazanır, ömrün zirvəsinə-ahıl çağına üz ağlığı, baş ucalığı ilə gəlirlər.
Belələrindən biri də həmyerlimiz, dəyərli ziyalı, Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərovdur.
O, 1940-cı ildə rayonumuzun Keçikli kəndində doğulub. 6 yaşında ikən atasını itirib. 1957-ci ildə kənd məktəbində orta təhsilini başa vurduqdan sonra 1960-cı ildə daxil olduğu Kirovabad Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsinin, 1973-75-ci illərdə təhsil aldığı Bakı Ali Partiya məktəbini fərqlənmə diplomları ilə bitirmişdir.
Zəngilan şəhər orta məktəbində müəllim, rayon Xalq Maarif Şöbəsində metodik kabinetin müdiri, 1971-ci ildən 1975-ci ilə kimi rayon partiya komitəsində təlimatçı və siyasi-maarif kabinetinin müdiri, 1988-ci ildən 1990-cı ilədək rayon avtonəqliyyat müəssisənin rəisi, sonrakı 2 ildə 144 nömrəli texniki peşə məktəbinin direktoru vəzifələrində çalışmışdır.
1992-ci ilin fevral ayından Bəsitçay Dövlət Qoruğunun direktoru vəzifəsində işləyir.
İctimai-siyasi fəallığı, işgüzarlığı ilə seçilən Xuduş müəllim 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2009-cu ildən Zəngilan Rayon Ağsaqqallar Şurasının sədridir.
Kənd təsərrüfatının intensiv inkişaf etdirilməsinə aid 5 elmi əsərin, 1 elmi monoqrafiyanın müəllifidir.
...Xuduş Əmən oğlu İsgəndərovun həyat və fəaliyyətinin bütün bu diqqətçəkən məqamları el ağsaqqalının 75 illik yubileyi münasibətilə may ayının 1-də rayon icra hakimiyyətinin iclas zalında keçirilən tədbirdə RİH-nin başçısı Ramiz Həsənovun  giriş nitqində böyük məmnunluq hissilə iştirakçıların diqqətinə çatdırılmışdır.
Ömrünün ahıl çağında da gənclik həvəsi ilə çalışan X. İsgəndərovun həyat və fəaliyyətinin gənclərə yaxşı örnək, nümunə olduğunu vurğulayan rayon rəhbəri el ağsaqqalının ad günü münasibətilə ən səmimi, xoş arzularını dilə gətirmiş, ona səmərəli fəaliyyəti və yubileyi ilə əlaqədar layiq görüldüyü RİH-nin Fəxri Fərmanını, qiymətli hədiyyəsini, eləcə də təzə-tər gül buketi təqdim etmişdir.
Sonra Respublika Ağsaqqallar Şurasının şöbə müdiri Yaqub Mehdiyev əlamətdar yubileyi münasibətilə Xuduş müəllimə çalışdığı kollektivin təbriklərini çatdırmış və ona Ağsaqqallar Şurasının Fəxri Fərmanını təqdim etmişdir.
Azərbaycan Respublikasının Veteranlar Şurasının Zəngilan Rayon Filialının sədri Əşrəf Şükürov, rayon ƏSMM-nin direktoru Həsən Ələkbərov, təhsil şöbəsinin müdiri Zakir İbrahimov, maliyyə şöbəsinin rəisi Fuad Bəşirov, rayon DSMF-nin müdiri Elşən Qurbanov, vergilər şöbəsinin rəisi Çingiz Quliyev, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Mehman Nəsirov, RİH-nin şöbə müdiri Maya Bağırova, YAP rayon təşkilatının sədri Əsəd Hüseynov da yubilyarı təbrik etmişlər.
Yubiley tədbirinə rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov yekun vuraraq, bir daha yubilyarı təbrik etmiş, ona can sağlığı, övlad, nəvə, nəticə sevinci, qarşıdakı illərdəki fəaliyyətində uğurlar arzulamışdır.
Tədbirə yubiley tortunun gətirildiyi şiriniyyat-çay süfrəsi ilə yekun vurulmuşdur.

Keçidlər