Şriftin ölçüsü :

Saytın rəngi :

İLK RÜBÜN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ

17 aprel 2015 | 15:00

Zəngilan Rayon İcra Hakimiyyəti aprel ayının 17-də idarə-müəssisə, aidiyyəti təşkilat rəhbərlərinin, icra nümayəndəliklərinin iştirakı ilə keçirdiyi geniş yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin  ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısının giriş və yekun nitqində qarşıya qoyulmuş vəzifələr baxımından öz işini təhlil etmişdir.        
Rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənovun məruzəsində göstərilmişdir ki, ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatında ötən üç ayda əsas göstərici olan Ümumi Daxili Məhsul 5 faizdən çox, qeyri-neft sektoru 7 faiz, sənaye 5 faiz, kənd təsərrüfatı 3 faiz, əhalinin pul gəlirləri 5,3 faiz artmış, infilyasiya cəmi 2,8 faiz olmuşdur. Bu dövrdə 25 mini daimi olmaqla 30 min yeni iş yeri açılmış, nəticədə işsizliyin səviyyəsi 5 faizə düşmüşdür.
Məruzəçi qeyd etmişdir ki, öz işini dövlət rəhbərinin tələbləri səviyyəsində qurmağa çalışan rayon icra hakimiyyəti cari ilin ilk rübündə 42763 nəfər əhalini əhatə edən 1 şəhər, 5 qəsəbə və 16 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, idarə, müəssisə və təşkilatların fəaliyyətlərinə nəzarət etmiş, əhalinin hərəkətini və ictimai-siyasi sabitliyi diqqət mərkəzində saxlamışdır.
Bu dövrdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində əhəmiyyətli müsbət işlər görülmüş, yerli daxilolmalar üzrə proqnoza 107 faiz əməl edilmiş, Ümumi Daxili Məhsul buraxılışının həcmində ötən illə müqayisədə artım qeydə alınmışdır. Rayon üzrə 40 nəfər işaxtaran qeydə alınmış, onlardan 6 nəfəri işlə təmin edilmiş, 16 nəfəri kompüter kursuna göndərilmişdir. 25 nəfər məcburi köçkün yeni mənzillərlə təmin olunmuş, rayon icra hakimiyyətinin daxili imkanları hesabına 10 nəfərin mənzilinin təmirinə köməklik edilmişdir.
Rayon gənclər və idman idarəsi  RİH-nin rəhbərliyi ilə maraq doğuran bir sıra tədbirlər keçirmiş, müxtəlif idman, hərbi-idman və turizm yarışlarına təşkilatçılıq etmiş, gənclərimizin müxtəlif növlər üzrə 27 medal qazanılmasına nail olmuşdur.
Ölkə başçısı  İlham Əliyev cənablarının tapşırığına müvafiq olaraq mərkəzi rayon xəstəxanası rayon icra hakimiyyətinin nəzarəti ilə əhalinin 53%-ini tibbi müayinədən keçirmişdir.
Rayon mədəniyyət və turizm şöbəsi 2 mədəniyyət evinin, mərkəzi kitabxana sisteminin, 3 musiqi məktəbinin və 1 kənd kitabxanasının fəaliyyətinə nəzarət etmiş, bir sıra mədəni-kütləvi tədbirlər keçirmiş, RİH-nin tədbirlərinin təşkili sahəsində  verilən tapşırıqların icrasını təmin etmişdir.      
Rayon qeydiyyat şöbəsində üç ay ərzində 63 doğum, 35 ölüm, 25 nikah qeydə alınmışdır. Yeni ailə quranların nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsi son ayların ənənəsinə çevrilmişdir. 11 nikah pozulması olmuşdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə azdır.
Əhalinin Sosial Müdafiəsi Mərkəzində  imkansızlıqla bağlı müraciət edən 81 ailəyə Ünvanlı Sosial Yardım təyin edilmiş, həmçinin 78 nəfər tənha və imkansız məcburi köçkün mütəmadi olaraq qayğı ilə əhatə olunmuş, 2 nəfərə sanatoriya putyovkası verilmişdir.
DSMF rayon şöbəsində 5294 nəfər pensiyaçıya xidmət göstərilmiş, rüb ərzində 2942,8 min manat pensiya ödənilmişdir.
Rayon icra hakimiyyətində vətəndaş müraciətlərinə, ötən illərdə olduğu kimi, həssaslıqla yanaşılmış, torpaq və mənzil istisna olmaqla, müraciətlərin 89 faizi müsbət həll edilmişdir.
İlin ötən ayları ərzində müxtəlif kütləvi məskunlaşma yerlərində 22 səyyar görüş keçirilmiş, bu görüşlərdə 374 nəfər iştirak etmiş, 29 müxtəlif xarakterli müraciətdən 14-ü müsbət həll olunmuş, digərləri barədə müvafiq tədbir görülmüş, izahatlar verilmiş, yaxud hüquqi kömək göstərilmişdir.
İlk rübdə icra hakimiyyəti başçısının Xeyriyyə Fondundan 215 nəfər məcburi köçkünə yardım olunmuş, 8 imkansız məcburi köçkün ailəsinə və evi yanan 2 ailəyə maddi köməklik göstərilmişdir. 
Yazın gəlişi ilə əlaqədar rayon üzrə yaşıllaşdırma işlərinə geniş vüsət verildiyi qeyd olunmuşdur.
Məruzə ətrafında müzakirələrdə rayon vergilər şöbəsinin rəisi Çingiz Quliyev,  gənclər və idman idarəsinin rəisi Zaur Nəcəfzadə, Ağalı kənd ərazi icra nümayəndəsi Möhübbət Səmədov, rayon ağsaqqallar şurasının sədri Xuduş İsgəndərəov, ƏSMM-in direktoru Həsən Ələkbərov çıxış etmişlər.
Müzakirəyə rayon icra hakimiyyətinin başçısı R. Həsənov yekun vurmuş, əmin olduğunu bildirmişdir ki, həmişə olduğu kimi, zəngilanlılar bundan sonra da ölkə başçısının qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəklər.
Müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul olunmuşdur.

Keçidlər