Zəngilan məktəbliləri finala çıxmışlar!
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlər təşkil edir.
Bu il də Zərifə xanım Əliyevanın 92-ci ildonümünə həsr olunmuş respublika üzrə intellektual yarış keçirilir. Bu məqsədlə 7 regionda 52 şəhər və rayonu təmsil edən komandaların iştirakı ilə regional seçim turlarına start verilmişdir. Seçim turlarında qalib gəlmiş komandaların Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakmiyyətinin birgə təşkilatçılığı ilə final yarışı olacaqdır. Hər bir şəhər və rayonu təmsil edən komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 6 nəfər məktəbli iştirak etməlidir. Final yarışının qalibləri və II, III yeri tutan komandalar hədiyyələrlə mükafatlandırılacaqlar.
Regional seçim turlarından biri 9 aprel 2015-ci il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində Sumqayıt şəhəri, Zəngilan, Cəbrayıl, Şuşa, Qubadlı, Xocavənd, Laçın rayonlarını təmsil edən komandaların iştirakı ilə keçirilmişdir.
Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Nur dolu ömür” adlı filmin nümayişi ilə başlamış, sonra bilik yarışına start verilmişdir.
Zəngilan məktəblilərindən təşkil olunan komanda (İsmayıl İsmayılov, İlahə Hüseynova, Vəfa Əliyeva, Murad Süleymanlı, Rəsul Hüseynov, Maya Salahova) verilmiş sual və tapşırıqları daha düzgün cavablandıraraq, bilik yarışında birinci yeri tutmuş və Suraxanı rayonunda, Heydər Əliyev Mərkəzində keçirələcək final yarışında iştirak etmək hüququ qazanmışdır.
Qalib komandanı təbrik edir, növbəti mərhələdə də uğura nail olmalarını arzulayırıq!