Şriftin ölçüsü :

Saytın rəngi :

Unudulmaz Novruz şənliyi

19 mart 2015 | 16:00

Azərbaycan xalqının, bütövlükdə türk dünyasının ən qədim və əziz milli bayramı olan Novruzun-müsəlman aləminin yeni ilinin gəlişi münasibəti ilə Zəngilan Rayon İcra Hakimiyyəti musiqili-əyləncəli el şənliyi təşkil etmişdir.
Masazır bələdiyyəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində keçirilən şənlikdə rayonun bütün idarə, müəssisə, təşkilatlarının nümayəndələri, el ağsaqqalları, ziyalılar, çoxsaylı gənclər, yeniyetmə və uşaqlar iştirak etmişlər.
Rayon mədəniyyət və turizm şöbəsi kollektvinin milli bayramımızın al-əlvan rəmzləri ilə bəzədiyi şənlik meydançasında Çərşənbə tonqalının alovlandırılması ilə əsl coşqu, canlanma başlanmışdır.
Maraqlı proqram əsasında keçirilən el şənliyində Çərşənbə-Novruzun atributları olan Keçəl, Kosa, Bahar qız oynaq, duzlu-məzəli çıxışları, müğənnilər  Tural Salmanov, Günay və Nərgiz Mehdiyevalar, Səlimə Məmmədova, Zülfiyyə Cəbrayılova, Allahverdi Xəyal, Bahadur Salmanov, Aşıq Ulduz və Könül Bayramova gözəl ifaları ilə iştirakçılarda xoş ovqat yaratmışlar. Toplaşanları xeyli həyəcanlandıran kəndirbazların və çoxsaylı dünya birinciliklərinin qalibi Səyavuş Bayramovun rəhbərlik etdiyi Zəngilanın “Araz” idman klubunun yeniyetmə idmançılarının nümunəvi çıxışları, bacarıqları uğurlu sonluqdan sonra gur alqışlara səbəb olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənovun, Milli Məclisin üzvü İmamverdi İsmayılovun, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Faiq Kərimovun  və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən el şənliyi iki saatdan çox davam etmiş və 2015-ci ilin ən unudulmaz hadisələrindən biri kimi yaddaşlarda yer almışdır.

Keçidlər