Şriftin ölçüsü :

Saytın rəngi :

Anım mərasimi keçirilmişdir

30 mart 2015 | 15:00

Zəngilan Rayon İcra Hakimiyyəti 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım mərasimi keçirmişdir.
Mart ayının 30-da rayon icra hakimiyyətinin akt zalında təşkil olunan tədbirdə RİH-nin aparat işçiləri, idarə, müəssisə, təşkilatların, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin rəhbərləri iştirak etmişlər.
Anım mərasimini ön sözlə rayon icra hakimiyyətinin başçısı R.Ş.Həsənov açmış, soyqırımın baş verdiyi dövrün səciyyəvi cəhətləri, mürəkkəb tarixi prosesləri haqda danışmış, belə bir böhranlı dönəmdə ermənilər məkrli siyasətlərini yerinə yetirmək imkanı əldə etdiklərini və bu imkandan maksimum yararlanmaq üçün hər cür rəzilliyə və xəyanətkarlığa əl atdıqlarını qeyd etmişdir. Nəticədə 1918-ci ilin martında erməni quldur dəstələri  azərbaycanın müxtəlif bölgələrində 50 mindən çox  dinc günahsız yerli əhalini qanına qəltan etmişlər.
İcra başçısının təklifi ilə qanlı mart hadisələri qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Sonra 33 nömrəli Zəngilan tam orta məktəbinin tarix müəllimi Nadir Mədətov havadarlarına güvənən erməni millətçilərinin ötən əsrlər ərzində xalqımıza qarşı törətdikləri çoxsaylı vəhşilik və xəyanətlər, eləcə də 1918-ci ilin 31 mart soyqırımı barədə, tarixi faktlara  əsaslanaraq, məruzə etmişdir.
Rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov anım mərasimində çıxış edərək ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımın yaddaşlardan silinməməsi üçün rayonumuzun ümumtəhsil müəssisələrində aparılan məqsədyönlü tədbirlərdən danışmışdır.
Anım mərasiminə rayon icra hakimiyyətinin başçısı R.Ş.Həsənov yekun vuraraq, soyqırıma hüquqi qiymət vermək, qanlı hadisə qurbanlarının xatirəsini əbədiləşdirmək, bu faciənin mahiyyətini, məkrini və miqyasını dünya ictimaiyyətinə çatdırmaq sahəsində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tədbirəlayiq xidmətlərini qeyd etmişdir.

Keçidlər