BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD EDİLDİ
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Zəngilan Rayon Icra Hakimiyyətində bayram tədbiri keçirilmişdir.
Əsasən dövlət qulluğunda çalışan qadınların iştirakı ilə mart ayının 6-da təşkil olunan tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov xanımları, rayonumuzun bütün qadınlarını əlamətdar gün münasibətilə təbrik etmiş, səmimi arzularını bildirmişdir.
Rayon rəhbəri bu gözəl bayramın yaranma tarixindən, milli xüsusiyyətlərə uyğun olaraq Azərbaycanda qadınlara göstərilən ənənəvi ehtiramdan və dövlət qayğısından danışmışdır.
Rayon icra hakimiyyəti başçısının müavinləri Seyfəddin Paşayev və Nizami Mönsümov, YAP rayon təşkilatının sədri Əsəd Hüseynov çıxış edərək qadınlara təbriklərini, xoş arzularını çatdırmışlar.
Sonra tədbirdə iştirak edən qadınlara təzə-tər qızılgüllər və hədiyyələr təqdim olunmuşdur.
RİH-də başçının müavini Xanım Rüstəmova və ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Maya Bağırova çıxış edərək rayon qadınlarına göstərilən qayğıya görə icra başçısına razılıq və təşəkkürlərini bildirmişlər.
Tədbirdən sonra qadınlar çay-şiriniyyat süfrəsinə dəvət olunmuşlar.