Şriftin ölçüsü :

Saytın rəngi :

Cinayətkarlar cəzalarını alacaqlar!

25 fevral 2015 | 16:00

Erməni silahlı qüvvələrinin və quldur dəstələrinin Rusiyanın Xankəndində yerləşən 366-cı motoatıcı alayının birbaşa köməyi ilə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğın, xüsusən dinc əhalini vəhşicəsinə qətlə yetirmələri Azərbaycan xalqına, bütövlükdə bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən biridir. İnsanlar yalnız türk, azərbaycanlı olduqlarına görə qətlə yetirilmişlər. Nəticədə bir gecədə kiçik şəhərdə 613 nəfər amansızlıqla öldürülmüşdür. Ən bağışlanılmazı odur ki, bunlardan 63-ü uşaq, 106-sı qadın , 70-i qocalar olmuşlar. 8 ailə tamamilə məhv edilmiş, 3 nəfər diri-diri yandırılmış, 56 nəfər xüsusi işgəncələrlə öldürülmüş, əsir götürülən 155 nəfər azərbaycanlının taleyi haqqında bu günədək heç bir məlumat yoxdur.
Xalqımıza qarşı törədilmiş bu qanlı faciənin ildönümlərinin ölkəmizdə, eləcə də beynəlxalq aləmdə getdikcə daha təsirli təşkili üçün dövlət səviyyəsində lazımi tədbirlər görülür.
Rayonumuzda da bu istiqamətdə əhəmiyyətli təbliğat və hazırlıq işləri aparılaraq, fevral ayının 25-də Xocalı soyqırımının 23-cü ildönümü anılmışdır.
Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış massivinin klubunda təşkil olunan anım mərasimi rayonumuzun məktəbli və gənc rəssamlarının Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgisinə kütləvi baxışla başlanmışdır.
Sonra zala daxil olan tədbir iştirakçılarına kinoproyektor vasitəsi ilə Xocalı soyqırımının ən dəhşətli məqamları, erməni amansızlıqlarını əks etdirən fotolar göstərilmişdir.
Anım mərasimi Azərbaycan Respublikası Prezidentinin və ANS şirkətlər qrupunun dəstəyi ilə “Bakıfilm” tərəfindən çəkilmiş “Qanlı yanvar” filminin nümayişi ilə davam etdirilmişdir.
Tədbir iştirakçılarında dərin təəssürat yaradan filmə baxışdan sonra Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək xalqımızın başına xəyanətkar qonşularımız ermənilər tərəfindən gətirilmiş müsibətləri dolğun forma və məzmunda dünya ictimaiyyətinə çatdırmağa xidmət edən belə sənət nümunəsinin - “Qanlı yanvar” filminin çəkilişinə görə ANS şirkətlər qrupuna və rejissor Vahid Mustafayevə təşəkkürünü bildirmişdir.
Rayon rəhbəri Xocalı hadisələrinin törədildiyi faciəli günlərdə xalqımızın böyük oğlu Heydər Əliyevin Moskvadakı Azərbaycan səfirliyinə gələrək mərkəzi hakimiyyəti cəsarətlə ittiham etməsini və Azərbaycanda dövlət rəhbərliyinə keçdikdən sonra bu faciəyə ilk dəfə hüquqi qiymət verməsini böyük təssübkeşlik, müdriklik nümunəsi adlandırmışdır.
O, əmin olduğunu bildirmişdir ki, güclü Azərbaycan dövləti və ordusu ölkə başçısı möhtərəm İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasəti sayəsində Xocalı faciəsini törədənlərə layiq olduqları cəzalarını verərək, torpaqlarımız işğaldan azad ediləcək və müstəqil Azərbaycanımızın ərazi bütövlüyü təmin  olunacaqdır!

Keçidlər