Tibbi müayinə başlanmışdır
Ötən il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının göstərişinə əsasən fevral ayında ölkə üzrə əhalinin kütləvi müayinəsinə başlanmışdır.
Əhalinin sağlamlığı üçün təşkil olunan bu nəcib aksiya rayonumuzda da uğurla həyata keçirilir.
Tibbi müayinənin ilk 15 günü ərzində rayon üzrə 3801 nəfər müayinə olunmuş, onlardan 107 nəfəri amblator müalicəyə cəlb edilmiş, daha ciddi tibbi müdaxiləyə ehtiyacı olan 1 nəfər məcburi köçkün isə Cavadzadə adına uroloji xəstəxanaya göndərilmişdir.
Rayon icra hakimiyyəti başçısının tapşırığı ilə rayon əhalisinin tibbi müayinəsinə başçının müavini Nizami Mönsümov rəhbərlik və nəzarət edir. O, bildirmişdir ki, tibbi müayinə mərkəzi rayon xəstəxanasında yaradılmış 3 həkim briqadası tərəfindən aparılır. Onlardan biri rayon xəstəxanasının müvəqqəti yerləşdiyi Masazır qəsəbə poliklinikasında, digəri Masazır bələdiyyəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivindəki tibb məntəqəsində fəaliyyət göstərir. Üçüncü həkim briqadası səyyardır. Kütləvi məskunlaşma yerlərində əhalinin müayinəsini təşkil edir.
Bütün ölkə üzrə planlaşdırıldığı kimi, rayonda da əhalinin tibbi müayinəsi may ayınadək başa çatdırılacaqdır.
Şəkildə: Masazır bələdiyyəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində yerləşən tibb məntəqəsində əhali tibbi müayinə olunarkən.