Şriftin ölçüsü :

Saytın rəngi :

Həssas münasibət şəhid atasını duyğulandırdı

23 yanvar 2015 | 16:00

Bayramov Həsi İsmayıl oğlu 1935-ci ildə rayonumuzun Vejnəli kəndində anadan olub. Uşaq yaşlarından atasız qalan Həsi çox çətinliklərdən keçib . Amma sınmayıb, büdrəməyib, aqillərin nəsihətlərinə əməl edərək, zəhmətinə güvənərək özünə düzgün həyat yolu seçib. Dəmiryolunda buyruq üçün göndərilən yeniyetmədən rayonun tanınmış, hörmət sahibi olan usta maşinisti səviyyəsinə yüksəlib. Zəhmətə bağlılığı, seçdiyi peşənin sirlərinə mükəmməl yiyələnən, çətinliklərdən qorxmayan, övladları nümunə göstərilən ailə başçısı, sözünün kəsəri olan müdrik ağsaqqal kimi tanınıb.
Doğma Azərbaycanın erməni təcavüzünə məruz qaldığı ağır günlərdə oğlu Pərviz qeyrətli Vətən övladları cərgəsində döyüşlərə atılıb, şərəfli şəhidlik zirvəsinə ucalıb.
Hal-hazırda köçkünlük həyatı yaşayan el ağsaqqalı 20 ilə yaxındır ki, ad günlərini qeyd etmir. Çünki oğlu onun doğulduğu yanvar ayında yağı gülləsinə tuş gəlib. Belə olduğundan Zəngilan rayon rəhbərliyi də xəbərsiz deyildi.
Lakin şəhid atasının 80 illik yubileyinin diqqətdən kənar saxlamağın qeyri mümkün olması qənaəti ilə onlar yanvar ayının 23-də Həsi Bayramovun məskunlaşdığı mənzilin qapısını açmaq qərarına gəlmişlər...
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və rayon ağsaqqallar şurasının sədri Xuduş İskəndərovun yubileyi ilə əlaqədar onunla görüşə gəlməsi Həsi Bayramovu xeyli duyğulandırmışdır. Rayon rəhbərinin ürək sözlərini dinləyən yubiliyar bildirmişdir ki, həyatımın ən yaddaqalan günlərindən birini yaşayıram. Belə həssas münasibətin dəyəri qədərsizdir. Sözünə davam edərək demişdir ki, hörmətli Ramiz Həsənov rayonumuza başçı təyin olunandan bu ənənəni yaradıb və davam etdirir. Biz ağsaqqallar dəfələrlə bunun şahidi olmuşuq. Mən ilk öncə cənab prezidentimizə minnətdarlığımı bildirirəm ki, bizim rayona belə qədirdilən, qayğıkeş rəhbər təyin edib, sonra da cənab Ramiz Həsənova öz təşəkkürümü bildirirəm. Çox saq olsun ki, biz ağsaqqallara, şəhid ailələrinə bu cür diqqətlə yanaşır.
Görüş iştirakçıları axırda bu əlamətdar gündən xatirə olaraq şəkil çəkdirmişlər.

Keçidlər