Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

06 fevral 2015 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyəti fevral ayının 6-da idarə-müəssisə, inzibati orqan, aidiyyəti təşkilat rəhbərlərinin və ərazi nümayəndəliklərinin iştirakı ilə geniş yığıncaq keçirmişdir.
Yığıncaqda «2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr barədə» rayon icra hakimiyyətinin başçısı R.Ş.Həsənovun hesabat məruzəsi dinlənilmişdir.
Rayon rəhbəri əvvəlcə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində ölkəmizin ötən 2014-cü ildə və bütövlükdə son onillik ərzində əldə etdiyi diqqətəlayiq uğurlar haqqında ətraflı məlumat vermişdir.
Sonra RİH-nin başçısı qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyyələrini əməli fəaliyyətində rəhbər tutan Zəngilan Rayon İcra Hakimiyyəti, hər zaman olduğu kimi, ötən il də vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, rayonda qanunçuluğun möhkəmləndirilməsinə, aşkarlığın və ictimai rəyin nəzərə alınmasına çalışmışdır.
Əvvəlki illə müqayisədə 2014-cü ildə rayonun kənd təsərrüfatı ilə məşğul olan müəssisələrində və fərdi təsərrüfatlarında iribuynuzlu qaramalın baş sayı 8,8 %, qoyun-keçinin baş sayı 13,3 %, ət, süd, yun və yumurta istehsalında artım müşahidə olunmuş, taxıl istehsalı 13,1 % artmışdır.
Hər il olduğu kimi, hesabat ili ərzində də yaz-payız mövsümündə rayon əhalisinin məskunlaşdıqları və əkin aparılması mümkün olan ərazilərdə ekoloji mühitin təmizliyinə şərait yaradan ağac əkini kompaniyası davam etmiş, 1498 dekarativ kol və 983 ədəd müxtəlif növ ağac əkilmişdir. 
Rayonun yerli xərcləri 96 %, o cümlədən, yerli daxilolmalar 2.160,0 min manata qarşı 2.228,0 min manat, yəni 103,1 % icra edilmiş, təhsil, səhiyyə, mədəniyyət və turizm, sosial təminat və digər xərclərin icrası əsasən təmin olunmuşdur.
Rayon üzrə məşğulluq mərkəzində 131 nəfər qeydiyyata alınmış, onlardan 33 nəfəri işə düzəldilmiş, 16 nəfərinə işsizlik müavinəti verilmiş, 9 nəfəri qadın olmaqla 16 nəfər kompüter kursuna göndərilmişdir.
Hesabat ilində rayon əhalinin sosial müdafiəsi mərkəzi  tərəfindən 1104 nəfəri əhatə edən 283 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 175 nəfər müharibə əlilinin təqaüdünün 50% artımı vaxtında təyinatı üzrə çatdırılmışdır. 78 nəfər tənha və imkansız vətəndaşa mütəmadi qayğı göstərilmiş, 4 nəfər müharibə əlilinə minik avtomobili verilməsi və 15 nəfər əlil və pensiyaçının müalicə üçün sanatoriyalara göndərilməsi təmin edilmişdir.
Dövlət sosial müdafiə fondu rayon şöbəsi il ərzində 5284 nəfər pensiyaçıya, 216 ailə başçısını itirmiş aztəminatlı ailələrə tələb olunan xidmətləri göstərmişdir.
Hesabat ilində rayonda 36 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərmiş, bu məktəblərdə 4232 şagird təhsilə cəlb edilmiş, onların təlim-tərbiyəsi ilə 826 nəfər müəllim məşğul olmuşdur.   
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin köməyi ilə köçürmə ərazisində yerləşən 34 saylı tam orta məktəb yaxşı şəraiti olan daha münasib ünvana  köçürülmüşdür. Cari tədris ilində şagirdlərin sayı 2 dəfə artmışdır. Tədris ilində orta məktəbi bitirən 333 nəfər şagirdin 61,8%-i respublikanın ali məktəblərinə, 14 nəfər isə xarici ölkələrdə ali məktəblərə daxil olmuşdur. 500-dən yuxarı bal toplayan 12 nəfər məzun rayon icra hakimiyyətində  qəbul edilmiş, onlara mükafatlar təqdim olunmuşdur.
Cənab İlham Əliyevin  tapşırığı ilə 2014-cü il fevral ayının 17-dən etibarən əhalinin ümumi tibbi-profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi, rayon əhalisinin  də 85%-dən çox hissəsinin tibbi müayinədən keçirilməsi təmin edilmiş, səhiyyə işinin təşkili istiqamətində xeyli dönüş yaranmışdır.
Rayon mədəniyyət və turizm şöbəsi balansında  olan 2 mədəniyyət evi, mərkəzi kitabxana sistemi, 3 musiqi məktəbi, 1 kənd kitabxanası və 1 tarix diyarşünaslıq muzeyi ilə mədəni-küləvi tədbirlərin yüksək səviyyədə təşkilinə diqqəti artırmış və 2014-cü il mədəni-kütləvi tədbirlərin rəngarəngliyi ilə yaddaqalan olmuşdur.
Ölkə başçısının gənclərin qarşısında qoyduğu məsul vəzifələrin icrası baxımından 2014-cü il rayon gəncləri üçün daha əlamətdar olmuşdur. İdmançılarımız ölkə daxilində və kənarda   keçirilən müxtəlif yarışlarda 225 medal, o cümlədən 68 qızıl, 74 gümüş, 83 bürünc medal qazanmışlar.
Hesabat ilində rayonun ictimai-siyasi və mədəni həyatında seçilən gənclərlə rayon ziyalılarının görüşü son dərəcə faydalı olmuş, hər iki nəslin nümayəndələrində dərin razılıq hissi doğurmuşdur.
Ötən illərdə olduğu kimi, 2014-cü ildə də rayon icra hakimiyyətinin təşəbbüsü ilə gənclərin hərbi xidmətə yola salınma mərasimi yüksək səviyyədə keçirilmişdir. Hərbi xidmətdə olanlara və onların valideynlərinə diqqət göstərilməsi məqsədilə müxtəlif bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edən zəngilanlı əsgərlərlə görüşlər keçirilmiş, əsgər ailələrinin problemləri diqqət mərkəzində saxlanılmış və onlara müvafiq yardımlar göstərilmişdir.
Rayon icra hakimiyyətinin başçısı vurğulamışdır ki,  «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərini əməli fəaliyyət üçün rəhbər tutan rayon icra hakimiyyəti əhalinin qəbulu, onların ərizə və şikayətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görmüşdür.
2014-cü ildə rayon icra hakimiyyətinə ötən illə müqayisədə vətəndaşlardan 326 müraciət az olmaqla 773 müraciət daxil olmuşdur. Bu müraciətlərin hər birinə həssaslıqla yanaşılmış, əhalini narahat edən problemlər mövcud imkanlar çərçivəsində baxılaraq həll edilmişdir.
İl ərzində müxtəlif kütləvi məskunlaşma yerlərində 46 səyyar qəbul keçirilmiş, bu qəbullarda ümumilikdə 1547 nəfər iştirak etmişdir. Qəbullarda iştirak edən rayon sakinləri tərəfindən 103 müxtəlif məsələ qaldırılmışdır ki, onların 81-i müsbət həll olunmuş, qaldırılmış 22 məsələ barəsində yerində müvafiq tədbir görülərək izahat verilmişdir.
2014-cü ildə də  sosial müdafiəyə ciddi ehtiyacı olan ailələrdən, Böyük Vətən müharibəsi veteranlarına, şəhid və itkin ailələrinə, Qarabağ əlillərinə-bütövlükdə 539 ailəyə maddi yardım göstərilmişdir. Eləcə də bir qrup məcburi köçkün ailəyə dam örtüyünün və mənzilinin təmiri üçün köməklik edilmiş, valideyn himayəsindən məhrum olmuş 27 uşağa rayon icra hakimiyyətinin daxili imkanları hesabına maddi yardım  olunmuşdur. İl ərzində həmkarlar ittifaqı təşkilatlarının xətti ilə 60 nəfər sanator müalicəsinə və istirahətə göndərilmişdir.
Hesabat ilində rayonun inzibati orqanlarının rəhbərləri məcburi köçkünlərlə daim əlaqələr yaratmış, onların məskunlaşma yerlərində müntəzəm görüşlər keçirmiş və zəruri profilaktik işlərin görülməsini təmin etmişdilər. Həyata keçirilən profilaktik tədbirlərin nəticəsidir ki, rayonda heç bir cinayət hadisəsinə yol verilməmişdir.
Bu gün qətiyyətlə demək olar ki, rayonda tam sağlam mühit yaradılmış, bütün sahələrdə şəffaflıq təmin olunmuş, neqativ hallar aradan qaldırılmışdır.
Məruzə ətrafında müzakirələrdə rayon təhsil şöbəsinin müdiri Z.İbrahimov, mədəniyyət və turizm şöbəsinin müdiri M.Nəsirov, Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə H.Həsənov, rayon ağsaqqallar şurasının sədri X.İsgəndərov, Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyi rayon şöbəsinin sədri Ə.Məmmədov, təqaüdçü V.Əhmədova, YAP rayon təşkilatının sədri Ə.Hüseynov iştirak etmişlər.
Milli Məclisinin üzvü İmamverdi İsmayılov və Prezident Administrasiyasının məsul işçisi Aqşin Əliyev yığıncaqda çıxış edərək rayonda ötən ilin yekunlarını müsbət dəyərləndirmişlər.
Bu istiqamətdə müvafiq qərar qəbul olunmuşdur.
Yığıncaq iştirakçılarının yekdil rəyi ilə ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.
İşgüzar müzakirə şəraitində keçən hesabat yığıncağına rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov yekun vurmuşdur.

Keçidlər