Tariximizin qanla yazılmış şanlı səhifəsi
Sovet İmperiyasının ermənipərəst xəyanətkar rəhbərlərinin xalqımızın başına gətirdiyi qanlı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyəti rayonun 4 nömrəli tam orta məktəbində anım mərasimi keçirmişdir.
Yanvar ayının 19-da təşkil olunan tədbir rayon məktəblilərinin 20 Yanvar hadisələrinə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxış və faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Anım mərasimində rayon icra hakimiyyətinin başçısı R.Ş.Həsənov qara yanvar faciəsini doğuran səbəblər, onun pərdəarxası məqamları, əli yalın tanka, topa, 35 min nəfərlik silahlı qoşun birləşmələrinə qarşı çıxan xalqımızın mərd oğul-qızlarının göstərdiyi şərəfli, qətiyyətli istiqlal mübarizəsi, verdiyi itkilər, bu qəhrəmanlıq səhifəsinin dövlət müstəqilliyimiz üçün mühüm əhəmiyyət kəsb etməsi, onun tariximizin qan yaddaşı kimi gənc nəslə aşılanmasının zəruriliyi haqqında danışmış, Azərbaycanın yenilməz oğlu, Ümummilli lider Heydər Əliyevin həmin məşəqqətli günlərdə SSRİ rəhbərliyini xəyanətkarlıqda günahlandırılmasını, xalqın iradəsi ilə ölkə rəhbərliyinə gəldikdən sonra isə 20 yanvar faciəsinə dövlət səviyyəsində hüquqi qiymət verməsini böyük cəsarət və müdriklik nümunəsi adlandırmışdır.
Sonra rayon mədəniyyət və turizm şöbəsinin, təhsil müəssisələri şagirdlərinin iştirakı ilə günün ruhuna uyğun ədəbi-bədii proqram nümayiş etdirilmişdir.