Gənclər günü qeyd olundu
Zəngilan Rayon İcra Hakimiyyəti 02 fevral gənclər günü münasibətilə 30 yanvar 2015-ci il tarixdə “Xan Bağı” restoranında tədbir keçirmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov, millət vəkili İmamverdi İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və 2014-cü il ərzində fəallığı ilə seçilən və çalışdığı sahədə uğur qazanan 80 nəfər gənc iştirak etmişdir.
Rəsmi və bədii hissədən ibarət olan tədbirdə öncə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” başlıqlı videoçarx izlənmiş, sonra rayon rəsmiləri gəncləri təbrik etmiş və onlara öz tövsiyyələrini çatdırmışlar. Zəngilan Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Nəcəfzadə idarənin ötən dövr ərzində gördüyü işlər barədə hesabat vermiş, gənclərə göstərilən dövlət qayğısından danışmışdır.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov gənclər siyasətinin daim dövlətin diqqət mərkəzində olduğunu, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Çıxışının sonunda R.Həsənov sözü Milli Məclisin üzvü İmamverdi İsmayılova vermişdir. İ.İsmayılov gənclərin fəallığını yüksək qiymətləndirərək, bundan sonra da fəaliyyətlərində ölkəmizin inkişafı naminə bilik və bacarıqlarını artırmalarını tövsiyyə etmişdir.
Rəsmi hissənin sonunda 9 nəfər gəncə rayon icra hakimiyyətinin başçısı R. Həsənovun sərəncamı ilə fəxri fərman və mükafatlar təqdim olunmuşdur. Eyni zamanda bir qrup gəncə YAP-ın üzvülük vəsiqələri təqdim edilmişdir.
Gənclər adından xaricdə təhsil alaraq ölkəmizə qayıdan Samir Musayev, Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ayaz Salmanov, 29 saylı tam orta məktəbin müəllimi Günel Mustafayeva, Araz-Zəngilan idman klubunun prezidenti Siyavuş Bayramov çıxış edərək tədbirin təşkili üçün cənab başçı R.Həsənova minnətdarlıqlarını bildirmiş, ölkədə aparılan dövlət-gənclər siyasətinin, gənclərin uğurlarından danışmışlar.
Rayon ağsaqqalları adından Xuduş İdgəndərov gəncləri təbrik edərək qazanılan uğurlara sevindiyini bildirmişdir.
Sonra tədbir rayonun tanınmış sənət adamlarının iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam etdirilmişdir.