Uşaqlara sevinc bəxş edən tədbir
Rayon icra hakimiyyəti dekabr ayının 30-da Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinin klubunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə maraqlı tədbir keçirmişdir.
150 nəfərdən çox uşaq və yeniyetmənin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Nizami Mönsümov təbrik nitqi söyləyərək, əziz bayramlarla əlaqədar ən xoş arzularını dilə gətirmiş, əminliklə bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə inkişaf edərək çiçəklənən respublikamızda bütün xalqımızı, eləcə də uşaqları qarşıda daha firəvan , gözəl həyat gözləyir.
YAP rayon təşkilatının sədri Ə. Hüseynov , rayon mədəniyyət və turizm şöbəsinin müdiri M. Nəsirov, Bakı Uşaq Teatrının direktoru İ.Soltan da əlamətdar bayram günləri münasibətilə uşaqları təbrik etmişlər.
Sonra Bakı Uşaq Teatrı uşaqlara əyləncəli yeni il tamaşası göstərmişdir. Balacalarda böyük maraq oyadan tamaşa dəfələrlə alqışlanmışdır.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirinin sonunda bütün uşaqlara rayonun həmkarlar ittifaqı təşkilatları tərəfindən hazırlanmış hədiyyələr verilmişdir.