Heydər Əliyev Mərkəzində sədaqət andı içdilər
Yeni ailə quran gənclərimizin xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin adını daşıyan mərkəzdə ümummilli liderin amallarına andı içərək nikah müqaviləsi imzalamaları son illər gözəl bir ənənə halını almışdır.
Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dekabr ayının 25- də Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha iki gəncimizin – Rzaquliyev Vüsal Pənah oğlu və Süleymanova Zülfiyyə Süleyman qızının nikah mərasimi keçirilmişdir.
Yeni ailə quran gənclər gülər üzlə gəldikləri Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində təbriklərlə qarşılanmışlar. Onlar da öz növbələrində gətirdikləri təzə-tər gül dəstələrini ümummilli liderin büstü önünə qoyaraq, ehtiramla təzim etmişlər.
Vüsal və Zülfiyyə mərkəzlə tanışlıqdan sonra nikah masasına dəvət edilmişlər. Zəngilan Rayon Qeydiyyat Şöbəsinin müdiri Roza Fərəcova onlara nikah qaydaları haqda ətraflı məlumat vermiş, hər ikisinin qəti qərarını dinləmiş, arzuları ilə imzaladıqları nikah şəhadətnaməsini alqış sədaları altında gənclərə təqdim etmişdir.
Nigah mərasimində iştirak edən Zəngilan RİH başçısının müavini Xanım Rüstəmova rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun təbriklərini və hədiyyəsini onlara çatdırmış, ailənin müqəddəsliyindən , xüsusən Heydər Əliyev Mərkəzində imzalanan nikahın şərəfindən danışmış, gənclərə həyat yollarında qoşa addımlamağı arzulamışdır.
Zəngilanlı gənclərin nikah mərasimində Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova və Dövlət Qaçqınkomunun Suraxanı rayonu üzrə sektor müdiri Əkbər Qənbərli də iştirak etmişlər.