Mühüm əhəmiyyətli tədbir
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə keçirilən “Uşaq hüquqları aylığı “ çərçivəsində 473 zəngilanlı ailənin məskunlaşdığı Abşeron rayonunun Masazır qəsəbəsindəki məcburi köçkünlərin yeni yaşayış massivində noyabr ayının 21- də mahiyyət etibarı ilə mühüm əhəmiyyət kəsb edən tədbir təşkil olunmuşdur.
Buradakı klub binasında Respublika Daxili İşlər Nazirliyinin “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikası” mövzusunda keçirdiyi tədbirdə Zəngilan və Qubadlı rayon icra hakimiyyətlərinin, polis şöbələrinin nümayəndələri , təhsil şöbələrinin rəhbərləri , məktəb direktorları, psixoloqlar, digər əlaqədar məsul şəxslər, orta məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişlər.
DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini , polis polkovnik – leytenantı Hikmət Eyvazov “Yetkinlik yaşına çatmayanlar və gənclər arasında radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınmasında polisin rolu” , Daxili İşlər Nazirliyində Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Adil Ələkbərov və Respublika Narkoloji Mərkəzinin norkoloq həkimi Asif Gəngərli “Yeniyetmə və gənclər arasında anti narkotik təbliğatın aparılması məqsədilə narkotiklər haqqında nə bilirik?”, Daxili İşlər Nazirliyində Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov “Yetkinlik yaşına çatmayan qızların ictimai mənafeyi əleyhinə və seksual istismara o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” mövzularında çıxışlar etmişlər.
Daha sonra videoçarx nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Sonda müzakirə edilən mövzularla bağlı iştirakçılara broşür, jurnal və kitabçalar paylanmışdır.