Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilanın işğalından 21 il keçir

29 oktyabr 2014 | 16:00

   Doğma Zəngilanın erməni silahlı birləşmələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar oktyabr ayının 29-da rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənovun rəhbərliyi ilə rayonun idarə-müəssisə, təşkilatlarını və ictimaiyyətini təmsil edən nümayəndələr paytaxtın Şəhidlər Xiyabanına gedərək, doğma torpaq, o cümlədən Zəngilan uğrunda döyüşlərdə həlak olan Vətən övladlarının məzarlarını təzə-tər gül dəstələri ilə ziyarət etmişlər.
   Sonra Masazır bələdiyyəsi ərazisində Zəngilan rayonu üçün salınmış yeni inzibati mərkəzin klubunda hüznlü ildönümünə həsr olunmuş yığıncaq keçirilmişdir.
   Tədbir Vətənin müdafiəsi döyüşlərində şəhidlik zirvəsinə ucalanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
   Rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək bildirmişdir ki, ağrılı olsa da, əlimiz, ünümüz yetməyən doğma torpaqlara sonsuz sevgi və bağlılıq hissimizi, eləcə də xəyanətkar qonşularımız ermənilərə hiddətimizi bildirmək üçün biz hər il oktyabr ayının 29-da bir araya gəlirik. Bu ildönümlər havası, suyu, bol nemətləri ilə bizi ərsəyə gətirən yurd yerlərinə ruhən qayıdış günümüzdür.
   Hər bir Azərbaycanlı üçün Vətən sevgisinin-bu bəşəri duyğunun əvəzedilməzliyini, müqəddəsliyini tam parlaqlığı ilə təcəssüm etdirən misilsiz bir örnək vardır. Bu, xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əliyev şəxsiyyəti, Vətən sevgisi, doğma xalqı üçün hər cür fədakarlığa hazır olmaq qətiyyəti və iradəsidir.
   Zəngilanın işğala məruz qaldığı məşəqqətli günlərdə məhz Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, sözünün kəsəri ölüm təhlükəsi ilə üzləşən əhalimizin köməyinə gəldi.  Təbiidir ki, zəngilanlılar  bunu heç zaman unutmur, Ulu öndəri böyük xilaskar kimi daim yad edir, xatirəsini əziz tuturlar. Çünki mərmi yağışı altında rayonu tərk etmək məcburiyyətində qalan zəngilanlılar yeganə xilas yolu olan İran İslam Respublikası ilə sərhəddə axışarkən Ulu öndər Heydər Əliyev qonşu dövlətin rəhbərləri ilə danışıqlar aparıb Araz çayının suyunu azaltmaq qayğısına qalmasaydı, rayon əhalisinin böyük əksəriyyəti sularda qərq olaraq həyatlarını itirərdi.
   Dərin zəkaya, yüksək təşkilatçılıq, idarəçilik bacarığına, zəngin dövlətçilik təcrübəsinə malik olan Ümummilli liderimiz Heydər Əliyev tariximizin bütün çətin dönəmlərində belə taleyüklü xilaskar missiyaları yerinə yetirmişdir.
   Azərbaycanın  məhv olmaq təhlükəsi qarşısında qaldığı  90-cı illərin əvvəllərində xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev ölkədə tuğyan edən vətəndaş müharibəsinin, özbaşınalığın qarşısını alaraq cəbhədə atəşkəsə nail olmuş, Milli Ordu quruculuğunun təməlini qoymuşdur. Bütün sahələrdə idarəçilik, qayda-qanunlar bərqərar edilmiş, aqrar islahatlara başlamışdır. Böyük neft müqavilələri imzalanaraq iqtisadiyyatımızın yüksəlişi üçün möhkəm bünövrə yaradılmışdır. Ümummilli liderimiz bir dövlət kimi Azərbaycanın imicini yüksəldərək onun nüfuzunu beynəlxalq təşkilatların sırasında öz layiqli yerini tutmasına nail olmuşdur.
   Qaçqın, köçkün qayğılarını özünün bir nömrəli problemi adlandıran Ümummilli lider yurd-yuvasından didərgin düşən insanların həyatının normal axara salınması üçün özünün və ölkənin bütün imkanlarından istifadə etmiş, qaçqın və məcburi köçkünlərə çoxsaylı imtiyazlar vermiş, onların hüquqlarının pozulması faktlarına bir qayda olaraq kəskin münasibət bildirmişdir.
   Biz azərbaycanlılar çox xoşbəxtik ki, Ulu öndərin təməlini qoyduğu möhtəşəm quruculuq işlərini və siyasi kursu davam etdirmək şərəfi, eləcə də məsuliyyəti əbədiyaşar şəxsiyyətinin müdriklik məktəbinin yetirməsi möhtərəm prezidentimiz İlham Əliyevə nəsib olmuşdur. Dünya dövlətlərinin ciddi böhran keçirdiyi indiki dövrdə Azərbaycan iqtisadiyyatının yüksələn xətlə inkişaf etməsi, ölkədə mövcud olan siyasi sabitlik, xalqın rifahının yaxşılaşdırılması üçün yürüdülən məqsədyönlü siyasət ölkə rəhbərinin nüfuzunu durmadan artırır.
   Rayon rəhbəri qeyd etmişdir ki,   Azərbaycanımızın ayrılmaz guşəsi olan Zəngilanın 1993-cü ilin oktyabrında  erməni hərbi birləşmələri tərəfindən işğal olunması, rayonun 33 mindən çox əhalisinin doğma yurd yerlərindən didərgin düşməsinə, təcavüz zamanı rayona 4,3 milyard  dollardan artıq ziyan dəyməsinə səbəb olmuşdur. Bütün bunlara baxmayaraq, hazırda rayon icra hakimiyyəti ölkə başçısının göstərdiyi kursa uyğun olaraq rayonda işgüzar, sağlam fəaliyyət mühiti yaratmışdır, sabitliyi qorumaq, uğurları artırmaq üçün bütün imkanlarını səfərbər etməklə fəaliyyət göstərməkdədir.
Rayon üzrə bütün sahələrdə müsbət nəticələrin əldə edilməsi, birbaşa möhtərəm Prezidentimizin işgüzar fəaliyyəti və məcburi köçkünlərə göstərdiyi hərtərəfli qayğı ilə bağlıdır. İlham Əliyev cənabları ölkəyə rəhbərliyi dövründə bütün əhali kimi, məcburi köçkünlərin həyat, sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində genişmiqyaslı tədbirlər həyata  keçirir.
   Belə ki, məcburi köçkünlüyün ilk illərində əhalimiz əsasən çadırlarda, vaqonlarda, şəraitsiz yardımçı sahələrdə sığınacaq tapmışdılar.  Azərbaycanın artan iqtisadi qüdrəti son on illikdə bu sahədə köklü dəyişikliklərə vüsət vermişdir. İlham Əliyev cənabları tərəfindən imzalanmış 2004-cü il 01 iyul tarixli «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na və bu mühüm dövlət sənədinə edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün yeni qəsəbələr,  fərdi evlər tikintisi sürətlə davam etdirilir.
   Bu sürətin miqyasını yeni mənzillər alan zəngilanlı məcburi köçkünlərin timsalında aydın görmək olar. Son bir neçə ildə 2500-dən çox zəngilanlı ailənin mənzil problemi həll edilmiş, Masazır bələdiyyəsi ərazisində rayon üçün inzibati mərkəz yaradılmışdır.
   Ölkədə aparılan məqsədyönlü  islahatlar, yaradılan yeni istehsal  və fəaliyyət sahələri hesabına məcburi köçkün əhalinin məşğulluğu, rifahının yaxşılaşması prosesi də davamlı olaraq yüksələn sürətlə gedir.
   Biz müdrik prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti ilə doğma torpaqlarımıza dönməyimizə, ata-baba yurdlarımızda arzuladığımız xoşbəxt günləri yaşayacağımıza bütün varlığımızla inanırıq!
    R.Həsənov nitqini aşağıdakı sözlərlə tamamlamışdır: Bütün məqsədlərə və qələbəyə çatmaq üçün bizim yalnız bir yolumuz var-bu, Heydər Əliyev yoludur. İlham Əliyev cənabları ətrafında sıx birləşməklə bu yolu uğurla qət etməkdə hər birinizə və bütün xalqımıza müdriklik və qətiyyət arzulayıram!
   Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səyəddin Səfərov tədbirdə çıxış edərək, xaricdən erməni təcavüzünün gücləndiyi, daxildə isə AXCP və Müsavat qüvvələrinin sabitliyi pozduqları ağır bir dövrdə rəhbərlik etdiyi Zəngilan polisinin rayonda sabitliyi və qayda-qanunu bərpa etmək üçün göstərdiyi səylərdən, polis heyətinin apardığı ağır müdafiə döyüşlərindən danışmışdır.
   Şəhid anası Saray Quliyeva və ziyalı ağsaqqal Telman Məmmədov çıxışlarında soydaşlarımızı, xüsusən gəncləri daim Zəngilan duyğusu ilə yaşamağa çağırmışlar.
   Son bir neçə ildə rayonumuzun tədbirlərində təsirli çıxışları ilə yadda qalan Sumqayıt Dövlət Dram Teatrının kollektivi erməni məkrini tam çılpaqlığı ilə nümayiş etdirən «Dağlarda duman» adlı dolğun məzmunlu tamaşa ilə  yenə də ənənəyə sadiqlik göstərmişdir.
   Tədbirə hərbi vətənpərvərlik, yurdsevərlik ruhlu musiqi nömrələri, şeirlər, möhtərəm Prezidentimiz İlham Əliyevin torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyi barədə qətiyyətli çıxışının yer aldığı videoçarxın nümayişi ilə yekun vurulmuşdur.
    Prezident Administrasiyasının məsul işçisi Aqşin Əliyev, Milli Məclis Aparatının Sosial Qanunvericilik şöbəsinin müdiri Adilə Abasova, Dövlətqaçqınkomun sədr müavini Gəray Fərhadov  tədbirdə iştirak etmişlər.

Keçidlər