ZƏNGİLAN TARİX-DİYARŞUNASLIQ MUZEYİ ZƏNGİNLƏŞİR
Oktyabr ayının 15-də rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənovun təklifi ilə rayonumuzun idarə-müəssisə, inzibati orqan rəhbərləri, ərazi nümayəndələri Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə bir il öncə yaradılmış, hazırda sahəsi əsaslı surətdə genişləndirilməklə eksponatları xeyli zənginləşdirilən rayon tarix-diyarşünaslıq muzeyində olmuşlar.
Zəngilanın qədimliyini təcəssüm etdirən xalçalar, gümüş kəmərlər, 70-ci illərdə rayonda aparılan qazıntı zamanı aşkarlanan orta əsrlərə aid sikkələr, daha qədim dövrü əhatə edən mis qab-qacaq və silahlar, eləcə də qızıl yataqlarımızdan götürülmüş nümunələr ziyarətçilərin böyük maraqlarına səbəb olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı R.Ş.Həsənov ziyarətin sonunda qeyd etmişdir ki, qısa vaxtda yaradılan bu muzey təkcə əcdadlarımıza olan ehtiramımız deyil, həm də ən ümdə vətəndaşlıq borcumuzdur. Bunu hər bir zəngilanlı tam məsuliyyəti ilə dərk etməli, tarix-diyarşünaslıq muzeyini daha da zənginləşdirmək üçün rayonun yaxın və uzaq keçmişinə aid, öz ailələrində və yaxınlarında olan qədim məişət avadanlıqlarını, kilim, xalça, gəbələri, iş alətlərini, geyimləri və digər maddi əşyaları Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinə təqdim etməlidirlər.
Rayon rəhbərinin təklifi ilə muzeyə keçirilən baxış və burada təlqin olunan fikirlər razılıq hissilə qarşılanmışdır.