DOQQUZ AYIN YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Rayon icra hakimiyyəti oktyabr ayının 15-də idarə-müəssisə,inzibati orqan, aidiyyəti təşkilat rəhbərlərinin, icra nümayəndəliklərinin iştirakı ilə keçirdiyi geniş yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısının giriş və yekun nitqində qarşıya qoyulmuş vəzifələr baxımından öz işini təhlil etmişdir. Müzakirə olunan məsələ ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənovun məruzəsi dinlənilmişdir.
Məruzəçi göstərmişdir ki, ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatı ötən 9 ayda inkişafını davam etdirmişdir. Əsas göstərici olan Ümumi Daxili Məhsul 2,5 faiz artmış, qeyri-neft sektorunda 6 faiz, əhalinin pul gəlirlərində 5,4 faiz artım qeydə alınmış, infilyasiya cəmi 1,5 faiz təşkil etmişdir. Azərbaycanın valyuta ehtiyatları 53 milyard manata çatmışdır. Cari ilin 9 ayında ölkəyə 19 milyard manat investisiya qoyulmuş, bu dövrdə 80 min yeni iş yeri açılmış, nəticədə işsizliyin səviyyəsi azalaraq 5 faizə düşmüşdür. Bütün bunlar ölkədə yaradılan sabitliyin, yürüdülən düzgün iqtisadi siyasətin bəhrələridir.
Ölkə başçısı qaçqın-köçkün problemlərindən danışaraq bildirmişdir ki, hər il olduğu kimi, bu il də 20 min məcburi köçkün yeni mənzillərlə təmin olunacaqdır və bu proqram sistemli sürətdə davam etdiriləcəkdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, təcəvüzkar dövlətin qeyri-konstruktiv mövqeyi üzündən nizamlama prosesinin ləngidiyini qeyd edən ölkə başçısı, Azərbaycan ordusunun durmadan gücləndiyini, torpaqların işğaldan azad edilməsi üçün digər istiqamətlərdə də qətiyyətli tədbirlər görüldüyünü vurğulamışdır.
Qeyd olunmuşdur ki, öz işini dövlət rəhbərinin tələbləri səviyyəsində qurmağa çalışan rayon icra hakimiyyəti cari ilin 9 ayında respublikanın 46 şəhər və rayonunda məskunlaşan, hazırda 42205 nəfər əhalini əhatə edən 1 şəhər, 5 qəsəbə və 16 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, idarə, müəssisə və təşkilatların fəaliyyətlərinə nəzarət etmiş, əhalinin hərəkətini və ictimai-siyasi sabitliyi diqqət mərkəzində saxlamışdır.
2014-cü ilin qeyd olunan dövründə Ümumi Daxili Məhsul buraxılışının həcmində ötən illə müqayisədə artım olmuş, o cümlədən iri buynuzlu mal-qaranın, qoyun-keçilərin və ev quşlarının baş sayında, ət, süd və yumurta istehsalında-bütövlükdə kənd təsərrüfatında 6% artım qeydə alınmışdır.
Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması məsələlərini tənzimləyən “Dövlət Proqramı”nda və həmin proqrama əlavələrdə icrası nəzərdə tutulmuş işlərin davamı olaraq cari ilin 9 ayında Xətai rayonunun neft-yağ zavodunun ərazisindən, Nizami rayonu ərazisindəki uşaq bağçalarından,Səbail rayonunun Bayıl qəsəbəsindən, Gəncə şəhərinin Kəpəz rayonundan və digər məskunlaşma ərazilərindən 98 ailə (402 nəfər məcburi köçkün) tam şəraiti olan yeni mənzillərə köçürülmüş, ümumilikdə 2500-ə yaxın zəngilanlı məcburi köçkün ailəsinin mənzil problemləri həll edilmişdir.
Rayon büdcəsinin yerli gəlirləri 1.553,0 min manat proqnoza qarşı 1.592,3 min manat, yəni 102,5% yerinə yetirilmiş, yerli xərclərdən ümumi dövlət xidmətləri xərcləri, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm, kommunal təsərrüfat xərcləri müvafiq qaydada icra edilməklə, ümumilikdə 9 ay üzrə təyinata 7.267,4 min manata qarşı 6.271,2 min manat, yəni 86,3% əməl olunmuşdur.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən növbəti (2014-2018-ci illər) Dövlət Proqramına uyğun olaraq sahibkarlığın dəstəklənməsi istiqamətində iş aparılmış, cari ilin 9 ayında ötən illə müqayisədə 26-sı artıq olmaqla 116 daimi iş yeri açılmışdır.
Rayon məşğulluq mərkəzində əmək qabiliyyətli işsiz məcburi köçkünlərin işə cəlb edilməsi ilə bağlı lazımi təbdirlər görülmüş, 57 nəfəri gənc və 47 nəfəri qadın olmaqla müraciət edən 115 nəfər iş axtaran mərkəzdə qeydə alınmış, onlardan 28 nəfəri müxtəlif peşələrdə işlə təmin edilmiş, 16 nəfər gənc peşə öyrənib işləməsi üçün «Kompüter istifadəçisi» kursuna göndərilmişdir. Bu sahədə təhlildən göründüyü kimi, rayon məşğulluq mərkəzi öz işini rayon icra hakimiyyətinin tələbləri istiqamətində qurmağa çalışır.
Rayon üzrə 2013/2014-cü tədris ilini müvafiq göstəricilərlə başa vuran 36 ümumtəhsil məktəbi və 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərmiş, təlimdə 99,8 faiz mənimsəmə, 61,1 faiz keyfiyyət göstəricisi qeydə alınmış, məktəblərin təmiri və texniki avadanlıqlarla təchizatı təşkil edilmişdir.
Azərbaycan Respublikası Baş Nazirin Müavini-Dövlətqaçqınkomun sədri cənab Əli Həsənovun diqqəti və köməyi sayəsində söküntü ərazisində yerləşən 34 saylı tam orta məktəb yaxşı şəraiti olan daha münasib ünvana köçürülmüş, yerə və şəraitə uyğun olaraq bu tədris ilində şagirdlərin sayı 2 dəfə, bütövlükdə rayon üzrə şagirdlərin sayı 372 nəfər artmışdır. Cari ildə orta məktəbi bitirən 333 məzunun 61,3%-i ali məktəblərə daxil olmuş, 500-dən yuxarı bal toplayan 12 nəfər məzun rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilib mükafatlandırılmışdır.
Rayon gənclər və idman idarəsi RİH-nin təşəbbüsü və rəhbərliyi ilə maraq doğuran tədbirlərin keçirilməsini təşkil etmiş, müxtəlif hərbi-idman və turizm yarışlarının, musiqi müsabiqəsi və intellekt oyunların keçirilməsində, gənclərimizin idmanın müxtəlif növləri üzrə 135 medal qazanılmasında və bu tədbirlərdə çoxsaylı gənclərin iştirak etmələrində təşkilatçılıq göstərmişdir.
Həmçinin rayon gənclərinin həqiqi hərbi xidmətə göndərilməsi işi ənənəvi olaraq yüksək səviyyədə təşkil edilmiş, hər il olduğu kimi, rayon icra hakimiyyəti başçısının təşəbbüsü və xeyir-duası ilə gənclərin hərbi xidmətə təntənəli mərasimlə yola salınması təşkil edilmişdir. Gənclər və İdman idarəsi bundan sonra da gənclərin güc, bilik və bacarığını rayonda aparılan məqsədyönlü işlərə yönəltməlidir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 17.02.2014-cü il tarixli tapşırığına müvafiq olaraq mərkəzi rayon xəstəxanası, rayon icra hakimiyyətinin nəzarəti ilə əhalinin 31144 nəfərini, yəni 78%-ini tibbi müayinədən keçirmiş, cari ilin 9 ayı ərzində 33300 nəfər ambulator qəbul olunmuşdur.
Rayon mədəniyyət və turizm şöbəsi 2 mədəniyyət evinin, mərkəzi kitabxana sisteminin, 3 musiqi məktəbinin və 1 kənd kitabxanasının fəaliyyətinə nəzarət etmiş, bir sıra mədəni-kütləvi tədbirlər keçirmiş, RİH-nin tədbirlərinin təşkili sahəsində verilən tapşırıqların icrasına əsasən nail olunmuşdur.
Rayon qeydiyyat şöbəsində 9 ay ərzində 231 doğum, 137 ölüm, 79 nikah qeydə alınmışdır. Yeni ailə quranların nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsi son ayların ənənəsinə çevrilmişdir. 31 nikah pozulması olmuşdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 ailə azdır. Qeydiyyat şöbəsəndə aparılan işlərin vəziyyəti rayon icra hakimiyyəti başçısı yanında Şura iclasında müzakirə olunmuş, əhalinin müraciətlərinə bundan sonra da həssas yanaşılmasına diqqətin artırılması tövsiyyə edilmişdir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzində imkansızlıqla bağlı müraciət edən 313 nəfərə Ünvanlı Sosial Yardım təyin edilmiş, həmçinin 78 nəfər tənha və imkansız məcburi köçkün mütəmadi olaraq qayğı ilə əhatə olunmuşdur. Göründüyü kimi, mərkəzin bu sahədə apardığı işlər qənaətbəxşdir.
DSMF rayon şöbəsində 5292 nəfər pensiyaçıya xidmət göstərilmiş, 9 ay ərzində 8.673 min manat pensiya, xəstəliklə bağlı 94,9 min manat müavinət ödənilmiş, pensiya və müavinətlərin ödənişində gecikmə olmamış, pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi haqqında ölkə başçısının Sərəncamına uyğun olaraq 5217 nəfərin pensiyası artırılmışdır.
Rayon icra hakimiyyətində vətəndaş müraciətlərinə, ötən illərdə olduğu kimi, həssaslıqla yanaşılmış, torpaq və mənzil istisna olmaqla, müraciətlərin 89 faizi müsbət həll edilmişdir.
2014-cü ilin 9 ayında müxtəlif kütləvi məskunlaşma yerlərində 36 səyyar görüş keçirilmiş, bu görüşlərdə 1225 nəfər iştirak etmiş, 77 müxtəlif xarakterli müraciət səslənmişdir ki, onlardan 68-i müsbət həll olunmuş, 6-sı barədə müvafiq tədbir görülmüş, 3 məsələ aidiyyəti üzrə təşkilatlar qarşısında qaldırılmışdır.
9 ay ərzində icra hakimiyyəti başçısının Xeyriyyə Fondundan 467 nəfər məcburi köçkünə-onlardan 54 şəhid ailəsinə, 23 Qarabağ əlilinə, 239 nəfər aztəminatlı və üzvü xəstə olan ailəyə, 91 yası düşmüş ailəyə, 9 nəfər Çernobıl əlilinə yardım olunmuş, 158 imkansız məcburi köçkün ailəsinə mənzil şəraitlərinin yaxşılaşdırılması üçün maddi köməklik göstərilmişdir.
Qeyd edilmişdir ki, bu gün ölkə prezidentinin məqsədyönlü siyasətinin, bütün regionlar kimi, Zəngilan rayonuna da müsbət təsiri göz qabağındadır.Ona görə bundan sonra da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün imkanları səfərbər etməklə çalışmaq lazımdır.
Məruzə ətrafında müzakirələrdə rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov, Məmmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nərminə Bağırova, rayon gənclər və idman idarəsinin rəisi Zaur Nəcəfzadə çıxış etmişlər.
Müzakirəyə rayon icra hakimiyyətinin başçısı R. Həsənov yekun vuraraq həlli zəruri olan mühüm məsələləri diqqətə çatdırmış, əmin olduğunu bildirmişdir ki, həmişə olduğu kimi, zəngilanlılar qarşıdakı dövrdə də ölkə başçısının irəli sürdüyü tələblər səviyyəsində çalışaraq ümumi işə öz layiqli töhvələrini verəcəklər.
Müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul olunmuşdur.