Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı”son zəng”tədbirində iştirak etmişdir

04 iyun 2014 | 15:00

Müstəqillik yolunda inamla irəliləyən respublikamızın hər bir guşəsində olduğu kimi, rayonumuzun ümumtəhsil məktəblərində də 2013-2014-cü tədris ilinin yekunlaşdığını bildirən “son zəng”lər çalınmışdır.
Rayonumuzun təhsil ocaqlarında  bu əlamətdar hadisə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin məsul işçilərinin iştirakı ilə keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov 33 nömrəli tam orta məktəbdə təşkil olunan “son zəng” tədbirində iştirak etmişdir.
Möhtəşəm “Azərbaycan himn”i səsləndirildikdən sonra məktəbin direktoru Ərşad Piriyev qısa nitq söyləyərək müəllimləri, valideynləri və şagirdləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik etmiş və sözü rayon icra hakimiyyətinin başçısı cənab R. Həsənova vermişdir.
Tədbir iştirakçılarını salamlayaraq əlamətdar gün münasibətilə ən xoş arzularını bildirən rayon rəhbəri ümummilli  lider Heydər Əliyevin təhsilə verdiyi önəmdən, bu müdrik siyasətin möhtərəm İlham Əliyev tərəfindən yüksələn xətlə davam etdirilməsindən, ölkənin birinci xanımı , Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın məktəb tikintisinə, bütövlükdə  məktəb ilinə göstərdiyi qayğıdan danışmışdır.
Ölkə başçısının tapşırığı ilə məcburi köçkün övladları üçün inşa edilmiş çoxsaylı təhsil ocaqları sırasında keçən il Masazırda məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində istifadəyə verilən, 33 nömrəli tam orta məktəbin buna bariz nümunə olduğunu, Prezidenti İlham Əliyev cənablarının məktəbin açılışında şəxsən iştirak etməsinin doğurduğu böyük qürur, eləcə də məsuliyyət hissini qeyd etmişdir.
İcra başçısı rayonda təhsilə göstərilən qayğıya dair əsaslı faktları diqqətə çatdıraraq, həm təhsil şöbəsini, həm də digər məktəblərlə yanaşı, 33 nömrəli tam orta məktəbin pedaqoji kollektivini təlim-tərbiyə işlərini yeni, yüksək səviyyəyə qaldırmaq üçün səylərini artırmağa çağırmış, “son zəng ” münasibətilə bir daha məktəbin müəllimlərini, şagirdləri, valideynləri təbrik etmiş, onbirincilərə qəbul imtahanlarında və müstəqil həyatda uğurlar arzulamışdır.
Maraqlı,rəngarəng proqram əsasında təşkil olunan, bayram ovqatı ilə keçən tədbirdə respublikanın əməkdar müəllimi Tofiq Nəsirov, sinif rəhbərləri Gültəkin Quliyeva, Solmaz Əliyeva, valideyn Ruhiyyə İbrahimova, məzun Kənan Məmmədli və digərləri çıxış etmişlər.

Keçidlər