Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən Müharibəsi Qəhrəmanı” Kapitan Noçuyev Surxay Əbdül oğlunun il mərasimi keçirildi

10 noyabr 2021 | 16:00

09 oktyabr 2021-ci il tarixdə "Vətən Müharibəsi Qəhrəmanı" Kapitan Noçuyev Surxay Əbdül oğlunun il mərasimi keçirildi. Mərasimdə Şəhidin ailə üzvləri, Zəngilan rayon İcra Hakimiyyətinin başçısı,Milli Məclisin deputatı,  başçının müavinləri, YAP Zəngilan rayon təşkilatının sədri, Zəngilan RİH başçısı aparatının əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. İlk öncə   Anım mərasimində iştirak edənlər II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət edərək şəhidin məzarı üzərinə gül dəstələri düzdülər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Müdafiə Nazirliyinin Hərbi Orkestrının ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu.
Qeyd edək ki, Surxay Noçuyev 2020-ci il sentyabrın 27-si tarixində Vətən müharibəsi başlayan gündən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə ön cəbhədə tabor komandiri kimi döyüşüb. Xüsusən Füzuli və Qubadlının işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə, düşmənin müdafiə səddinin yarılmasında bir neçə döyüş əməliyyatının fəal iştirakçısı olub. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib.
8 noyabr tarixində Şuşa şəhərinin azad olunması uğrunda gedən tarixi döyüşlərdə, uğurlu döyüş taktikası ilə tabeliyində olan şəxsi heyəti müdafiə edərək Vətən müharibəsinin sonuncu günündə qəhrəmancasına Şəhid olub. Ailəli idi, iki övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Kapitan Noçuyev Surxay Əbdül oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidenti  İlham Əliyevin Sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən Uğrunda" medalı və "Qubadlının azad olunmasına görə" "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib

Keçidlər