Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan silahlı birləşmələrinin Zəngilan rayonunu işğal etməsindən 25 il ötür

29 oktyabr 2018 | 16:00

Zəngilan rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalının 25-ci ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətininin təşkilatçılığı ilə RİH başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti paytaxtın Şəhidlər Xiyabanına gedərək, doğma torpaqlarımız, o cümlədən Zəngilan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarlarını ziyarət etdilər.
Anım mərasimində şəhidlərin ruhuna dualar oxundu, onların məzarı önünə gül dəstələri qoyuldu. Ziyarətə gələnlərin, rayon ictimaiyyətinin qarşısında çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, 1993-cü il oktyabrın 28-dən 29-na keçən gecə işğalçı ermənilər Zəngilan rayonunu zəbt etdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. 4 gün ərzində Zəngilan rayonunun əhalisi vuruşaraq 250-yə yaxın şəhid verib. Rayonun 44 sakini itkin düşüb və onların taleyindən bugünədək xəbər yoxdur.Azərbaycanımızın ayrılmaz guşəsi olan Zəngilanın erməni hərbi birləşmələri tərəfindən işğal olunması rayonun 33 mindən çox əhalisinin doğma yurdlarından didərgin düşməsinə səbəb olmuşdur. Rayon rəhbəri qeyd etdi ki, bütün zəngilanlı məcburi köçkünlər inanırlar ki, tezliklə illərdir qəlblərdə alovlanan yurd həsrəti bitəcək və Cocuq Mərcanlıda olduğu kimi, Zəngilanda da yenidən həyat qaynayacaq.

Keçidlər