Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü münasibətilə tədbir keçirildi

13 fevral 2017 | 16:00

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü münasibətilə  Zəngilan Rayon İcra Hakimiyyətinin iclas zalında tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlandı. Rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin əməkdaşlarının, müharibə veteranlarının iştirak etdiyi tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə Xidmətin şəxsi heyətini təbrik edərək onlara Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında çətin, lakin şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu siyasətinin banisinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev olduğunu, Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ordu quruculuğunun, eyni zamanda aparılan ardıcıl islahatların nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin maddi-texniki bazasının gücləndirilərək yeni mərhələdə daha da inkşaf etdiyini bildirdi. Rayon rəhbəri  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yarandığı 5 il ərzində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində və fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə böyük işlər gördüyünü, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini, ordu quruculuğuna və şəxsi heyətin hərbi xidmətə qədərki nizam-intizamının formalaşması işinə səmərəli töhfələr verdiyi vurğuladı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan  rayon bölməsinin rəisi Eldəniz Süleymanlı rayon  gənclərinin həqiqi hərbi xidmətə hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verərək, zəngilanlı gənclərin Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə  həmişə böyük ruh yüksəkliyi ilə yola düşdüklərini, nümunəvi xidmətləri ilə seçildiklərini vurğuladı. Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəklərini bildirən E.Süleymanlı göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə özü və şəxsi heyəti adından dərin minnətdarlığını ifadə etdi.
Daha sonra çıxış edən Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Ənvər Məmmədov, Zəngilan rayon 33 nömrəli məktəbin hərbi hazırlıq müəllimi Asif Hətəmov, şəhid Emin Nəsibovun anası  Kifayət Cavadova düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlət başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminlik ifadə etdilər.
Sonda Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yubileyi münasibətilə xidmətdə fərqlənən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin əməkdaşlarına, şəhid Emin Nəsibovun anası  Kifayət Cavadovaya, Qarabağ müharibəsi əlili Salam Quliyevə təsis edilən mükafatlar təqdim edildi.

Keçidlər