Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

04 fevral 2016 | 16:00


Fevral ayının 4-də 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və  qarşıda duran vəzifələr barədə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı R.Ş.Həsənovun hesabat yığıncağı keçirildi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağəli Əhmədov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, idarə-müəssisə, inzibati orqan, aidiyyəti təşkilat rəhbərlərinin və ərazi nümayəndəliklərinin iştirak etdiyi yığıncaqda «2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə» Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsi dinlənilmişdir.
Rayon rəhbəri əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində ölkəmizin ötən ildə əldə etdiyi diqqətəlayiq uğurlar haqqında ətraflı məlumat verdi, sonra qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyyələrini əməli fəaliyyətində rəhbər tutan Zəngilan Rayon İcra Hakimiyyəti, hər zaman olduğu kimi, ötən il də vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, rayonda qanunçuluğun möhkəmləndirilməsinə, aşkarlığın və ictimai rəyin nəzərə alınmasına çalışmışdır.
«2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Öz vəzifələrini  bu sərəncamın müddəaları baxımından hərtərəfli təhlil edən Rayon İcra Hakimiyyəti fəaliyyətdə olan kənd təsərrüfatı müəssisələrinin və bu istiqamətdə sahibkarlıqla məşğul olanların  problemlərinin aradan qaldırılmasında onlara mümkün olan bütün köməklikləri göstərməyə çalışmışdır.
Rayon İcra Hakimiyyəti əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də məcburi köçkünlərin fərdi təsərrüfatlarının genişləndirilməsi və inkişaf etdirilməsində onlara lazımi köməkliklər göstərmişdir. Ötən illə müqayisədə 2015-ci ildə rayonun kənd təsərrüfatı ilə məşğul olan müəssisələrində və fərdi təsərrüfatlarında iri və kiçik buynuzlu mal-qaranın sayında, həmçinin məhsul istehsalında artım müşahidə olunmuşdur. 2015-ci  ildə həmçinin taxıl istehsalı da artmışdır.
Ötən ildə olduğu kimi, 2015-ci ildə də Rayon Suvarma Sistemləri idarəsi Sabirabad rayonunda yerləşən yeni qəsəbədə məskunlaşan məcburi köçkünlərimizə istifadə üçün ayrılmış əkin və həyətyanı sahələrin suvarılmasına texniki xidmət göstərmişdir. Ərazidəki yeni qəsəbədə qurulmuş  nasos stansiyasının gücü ilə 20 hektara yaxın  həyətyanı və 156 hektar əkin sahələrində suvarma işləri aparılmış, məcburi köçkünlərin içməli və məişət sularına olan təlabatı ödənilmişdir.
İşsizliyin aradan qaldırılması üçün Rayon İcra Hakimiyyəti rayon Məşğulluq Mərkəzinin fəaliyyətini daim nəzarətdə saxlamış, dövlət məşğulluq siyasəti, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirmişdir. Rayon üzrə Məşğulluq Mərkəzində 168 nəfər qeydiyyata alınmış, 24 nəfər işə düzəldilmiş, 22 nəfərə isə işsizlik müavinəti verilmişdir. 7 nəfəri qadın olmaqla kompüter istifadəçisi kursuna 16 nəfər göndərilmişdir. Müsbət haldır ki, müxtəlif sahələrdə daimi işlə təmin olunanlardan 12 nəfəri qadındır.
Rayon Maliyyə Şöbəsi dövlət büdcəsinin təyinatı üzrə xərclənməsinə nəzarəti gücləndirmiş, idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqqı, pensiya və müavinətlərinin, habelə digər ödənişlərin vaxtlı-vaxtında köçürülməsini əsasən təmin etmiş, ötən illərin ənənəsinin davamı olaraq büdcə xərclərinin müdafiə olunan xərcləri istisna olmaqla, digər xərclərinin qənaətinə diqqət yetirmişdir.
2015-ci ildə rayon yerli xərclərinin icrasına ayrı-ayrı xərc maddələri üzrə əsasən əməl edilmiş, yəni ümumi dövlət xidmətləri 88%, təhsil xərcləri 94,31%, səhiyyə xərcləri 74,34%, sosial təminat xərcləri 96,6%, mədəniyyət xərcləri 90,8%, kommunal təsərrüfatı xərcləri 83,44%, ümumilikdə yerli xərclər 91,65% icra edilmişdir. Həmçinin, yerli daxilolmaların icrasına xüsusi fikir verilmiş, vergi ödəyiciləri ilə aparılan işin nəticəsi olaraq yerli gəlirlərin proqnozuna 2,26 milyon manata qarşı 2,30 milyon manat, yəni 101,6% əməl edilmiş, rayon Vergilər şöbəsinin apardığı iş qənaətlədirici faktlara söykənmişdir.
Hesabat ilində rayonda 35 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Ötən tədris ilinin yekununa görə məktəblərdə mənimsəmə və keyfiyyət faizi yüksək olmuşdur.
2014-2015-ci tədris ilinin sonunda şagird kontingenti az olmaqla tələbata cavab verməyən 18 nömrəli tam orta məktəb, müəllim və şagirdləri digər məktəblərə yerləşdirilərək bağlanmışdır. Təhsil sahəsində aparılan işlər Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuş, məktəblərdə tədrisin keyfiyyətinin yaxşılaşmasına, əlamətdar və  tarixi günlərin lazımi səviyyədə qeyd olunmasına, şagirdlərin müasir tələblərə uyğun təhsil almalarına və vətənpərvərlik ruhunda tərbiyə olunmalarına nəzarət edilmişdir. Hesabat ilində orta məktəbi bitirən 391 nəfərdən 304 nəfəri ali məktəblərə sənəd vermiş,  onlardan 205 nəfəri və ya 67,4%-i ali təhsil ocaqlarına daxil olmuşdur. Ali məktəblərə qəbul olunanlardan 31 nəfəri 500-dən, 11 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Məzunların 10 nəfəri xarici ölkələrin ali məktəblərinə, 4 nəfər isə ali hərbi məktəblərə daxil olmuşdur. Topladığı bala görə yüksək nəticə əldə edən 2 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. Ali məktəblərə qəbul zamanı  yüksək nəticə əldə etmiş məzunlar ənənəyə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş və mükafatlandırılmışlar.
Təhsil müəssisələrində hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində işlərin düzgün qurulmasının nəticəsidir ki, son illər ali hərbi məktəblərə, Dövlət Təhlükəsizlik və Polis Akademiyalarına qəbul olan məzunların sayı ilbəil artır.
Lakin orta məktəbi bitirən məzunların ali məktəblərə qəbulu zamanı yüksək nəticələr göstərmiş məktəblərlə yanaşı, 16, 25 və 31 saylı məktəblərin nəticələri çox zəif olmuşdur.
Rayonun təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərən ümumtəhsil və musiqi məktəblərinin maddi-texniki bazası möhkəmləndirilmiş, inventar və avadanlıqlarla təchizatı yaxşılaşdırılmışdır.  Məktəblərdə hər 18,6 nəfərə 1 kompüter olmaqla, 280 kompüterin alınması təmin edilmişdir. Ümumtəhsil məktəblərinin yeni tədris ilinə hazırlıq işləri, əsasən vaxtında başa çatdırılmış, bütün məktəblərdə “Bilik Günü” yüksək səviyyədə qeyd edilmişdir.
Şagirdlərin dərslik və digər dərs ləvazimatları ilə təchizatı diqqət mərkəzində saxlanılmış, Təhsil Nazirliyinin xətti ilə 135 adda 12387 ədəd dərsliyin, çanta və dərs ləvazimatının, Rayon İcra Hakimiyyəti tərəfindən isə 650 dəst məktəbli geyimlərinin məktəblərə çatdırılması təmin edilmişdir.
Məktəblərin təmiri və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, bütün məktəblər inventar və avadanlıqla təmin edilmiş, 1, 14 və 20 nömrəli tam orta məktəblərdə cari, 4 nömrəli tam orta məktəbdə isə əsaslı təmir işləri aparılmışdır. Ümumilikdə, bütün məktəblər yeni dərs ilinə hazırlıq məqsədilə smetada nəzərdə tutulmuş vəsait və daxili imkanlar hesabına təmir edilmişdir.
Mərkəzi Rayon Xəstəxanası xidmətində olan həkim məntəqələri hesabına fəaliyyətini genişləndirmiş, il ərzində 29871 nəfər ambulator gəliş qeydiyyata alınmış, 161 nəfər şəkər xəstəsi  müntəzəm olaraq dərman preparatları ilə təmin edilmişdir.  Sabirabad və Masazır qəsəbəsi ərazisində yerləşən həkim məntəqələrinə müraciət edən sakinlərə də müvafiq tibbi xidmət göstərilmişdir. 2015-ci ildə əhalinin kütləvi tibbi müayinədən keçirilməsi işi yaxşı təşkil edilərək, rayon əhalisinin 70%-dən çox hissəsinin tibbi müayinədən keçirilməsi təmin edilmiş, səhiyyə işinin təşkili istiqamətində xeyli dönüş yaranmışdır.
Rayon Mədəniyyət və Turizm Şöbəsi 2 mədəniyyət evinin, mərkəzi kitabxana sisteminin, 3 musiqi məktəbinin, 1 kənd kitabxanasının və 1 Tarix Diyarşünaslıq Muzeyinin fəaliyyətinə nəzarət etməklə, əhaliyə göstərilən mədəni-kütləvi xidmətin səviyyəsinin artırılması istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirmişdir. Tarix Diyarşünaslıq muzeyinə cəlb olunan yeni eksponatların çeşidi və sayı artmışdır. Əvvəlki illərdə olduğu kimi, mədəni-kütləvi tədbirlərin keçirilmə formatının genişlənməsinə diqqət artırılmışdır.  İl ərzində Ulu Öndər Heydər Əliyevin doğum və anım günləri, 20 Yanvar və Xocalı faciələrinin il dönümləri, 8 Mart Beynəlxalq Qadınlar Günü, «Novruz» bayramı, Respublika Günü, Milli Qurtuluş Günü, 9 Noyabr Dövlət  Bayrağı Günü, Zəngilanın işğalının 22-ci il dönümü və digər tarixi təqvim günlərinə uyğun olaraq tədbirlər keçirilmişdir.
«Azərbaycan gəncliyi  2011-2015-ci illərdə» Dövlət Proqramı çərçivəsində gənc nəslin vətənpərvərlik tərbiyəsi, vətəndaşlıq hisslərinin yüksəldilməsi və milli-mənəvi dəyərlərə yiyələnməsi, onların potensialından ölkəmizin mənafeyi naminə məqsədyönlü istifadə olunması sahəsində müəyyən işlər görülmüşdür.
Məcburi köçkünlüyün yaratdığı mövcud çətinliklərə baxmayaraq, Rayon İcra Hakimiyyəti rayonun gənclərinə il ərzində əlverişli yaradıcı fəaliyyət şəraitinin yaradılması istiqamətində yaxından köməklik göstərmiş, nəticədə Gənclər və İdman İdarəsi 2015-ci ildə bir sıra ənənəvi idman yarışları və digər maraqlı tədbirlər təşkil etmişdir.
Möhtərəm Prezident cənab İlham Əliyevin gənclərin qarşısında qoyduğu məsul vəzifələrin icrası baxımından 2015-ci il rayon gəncləri üçün əlamətdar olmuşdur. İdmançılarımız ölkə daxilində və ölkədən kənarda   keçirilən müxtəlif yarışlarda 58 medal, o cümlədən 14 qızıl, 11 gümüş, 33 bürünc medal qazanmışlar.
Bütövlükdə, 2015-ci ildə rayonun idarə-müəssisə və təşkilatları tərəfindən keçirilən  tədbirlərə 3500-dən artıq uşaq, yeniyetmə və gənclər cəlb edilmişdir.
Gənclər və İdman İdarəsi il ərzində yeniyetmə və gənclər arasında vətənpərvərlik, yurdsevərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması və tolerantlıq mühitində tərbiyə edilməsinə yönəldilmiş müxtəlif toplantı, disput və müsabiqələr təşkil etmiş, onları zərərli vərdişlərdən çəkindirmək istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirmişdir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimai-siyasi və mədəni həyatında, xüsusən təhsildə, idmanda və digər sahələrdə seçilən gənclərlə rayon ziyalılarının mütəmadi olaraq keçirilən görüşləri bu baxımdan son dərəcə faydalı olmuş, hər iki nəslin nümayəndələrində dərin razılıq hissi yaratmışdır.
Ötən illərdə olduğu kimi, 2015-ci ildə də Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə gənclərin hərbi xidmətə yola salınma mərasimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin təşkilatçılığı və idarə, müəssisə rəhbərlərinin, rayon ziyalılarının iştirakı ilə yüksək səviyyədə keçirilmiş, hərbi xidmətdə olanların və onların valideynlərinin problemləri diqqət mərkəzində saxlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən ünvanlı dövlət sosial yardımı haqqında qanunun tətbiq edilməsi ilə əlaqədar 16 noyabr 2005-ci il tarixli Fərmanını və aztəminatlı ailələrin və imtiyazlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında digər Fərman və Sərəncamları əldə rəhbər tutan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində  bu istiqamətdə bir sıra işlər görülmüşdür.
Hesabat ilində sosial müdafiəyə həqiqi ehtiyacı olan ailələrə qayğı və diqqət artırılmış, bütövlükdə 1252 nəfəri əhatə edən 320 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Təqaüd və müavinətlər vaxtlı-vaxtında ödənilmiş, əhalinin həssas təbəqəsinin və aztəminatlı ailələrin sosial problemlərinin müsbət həlli üçün səy göstərilmişdir. 2032 nəfərə təyin edilmiş müavinətlərin ay ərzində ünvanlarına vaxtında çatdırılması təmin edilmişdir. 25 nəfər  əlil və şəhid ailəsinə onların müraciətləri əsasında sanatoriya göndərişi verilmişdir.
Dövlət Sosial Müdafiə Fondu Zəngilan  Rayon Şöbəsi aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sığorta ayırmalarının köçürülməsi, pensiyaların təyin olunması, maliyyələşdirilməsi və onların ödənişinin təşkili işini daim diqqətdə  saxlamışdır. İl ərzində 5313 nəfər təqaüdçüyə , 228 ailə başçısını itirmiş aztəminatlı ailələrə tələb olunan xidmət göstərilmişdir.  Şöbə öz işini ölkə başçısının bu istiqamətdə verdiyi Fərman və Sərəncamların icrasına və rayon rəhbərliyinin tapşırıqlarına uyğun qurmaqla il ərzində vəsait yığımı proqnozuna, qeyri-büdcə təşkilatları üzrə proqnoz və fiziki şəxslər üzrə vəsait ödənişi tapşırıqlarına əsasən əməl etmişdir. Əhalinin həssas təbəqəsi tərəfindən qaldırılan problemlərin həllinə diqqətlə yanaşılmış, il ərzində təqaüdçülərə ödənilən 11,7 milyon manat vəsaitin və müavinətlərin əhaliyə vaxtında, gecikdirilmədən çatdırılması təmin edilmişdir.  01 yanvar 2016-cı il tarixə bütün təqaüdçülərin təqaüdü tam ödənilmişdir.   
2015-ci  ildə rayon əhalisinin hərəkət  istiqamətinin qeydə alınması təmin edilmişdir. İl ərzində 750 doğum, 283 ölüm, 366 nikah və 36 nikah pozulması halları  iyun ayına qədər  rayon qeydiyyat şöbəsi tərəfindən, qeydiyyat  şöbəsinin ləğvindən bu günə qədər isə “ASAN” xidmət mərkəzləri tərəfindən qeydə alınmışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən yaradılmış Regionların İnkişafı Analitik İnformasiya Sisteminə (RİAİS) rayonun sosial-iqtisadi inkişafını əks etdirən dolğun forma və məlumatların avtomatlaşdırılmış qaydada toplanıb ötürülməsi işinə diqqət artırılmışdır. Bu proqram Rayon İcra Hakimiyyətinin fəaliyyətində də operativlik yaratmışdır. Rayon üzrə statistik göstəricilərin dürüstlüyünə nəzarəti asanlaşdırmış və icra aparatında bir sıra həlli vacib olan məsələlərin  mövcud sistemə daxil edilməsinə şərait yaratmışdır.
Aparılmış təhlillər nəticəsində müəyyən göstəricilər 2015-ci ilin iş planında öz əksini tapmış və yaranmış bir sıra problemlərin Şura iclaslarında müzakirə edilməsinə istiqamət vermişdir.
Rayonumuza aid geniş informasiya mənbəyi sayılan və Rayon İcra Hakimiyyəti tərəfindən 2012-ci ildə yaradılmış internet saytında 2015-ci ildə də rayonumuzun tarixi, coğrafiyası, tanınmış şəxsiyyətləri, eləcə də, günümüzün aktual məlumatları, əhalinin sosial problemləri ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər və həllini gözləyən digər məsələlər yerləşdirilmişdir. Saytda yayımlanan mətnlər ingilis dilinə tərcümə edilir ki, bu da xaricdə yaşayan soydaşlarımızın, həmçinin xarici ölkə vətəndaşlarının, xüsusilə informasiya mərkəzlərinin oradakı materiallardan istifadəsinə geniş imkan yaradır.
Hesabat ilində Rayon İcra Hakimiyyəti  əhalinin qəbulu, onların ərizə və şikayətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görmüşdür. 2015-ci ildə Rayon İcra Hakimiyyətinə vətəndaşlardan 531 müraciət (ötən illə müqayisədə 242 müraciət az) daxil olmuşdur. Bu müraciətlərə həssaslıqla yanaşılmış, əhalini narahat edən  problemlərə mövcud imkanlar çərçivəsində baxılaraq həll edilmiş, görülmüş tədbirlərin nəticələri ilə bağlı vətəndaşlara yazılı məlumatlar verilmişdir. Daxil olan yazılı və şifahi müraciətlərin 76,7%-i müsbət həll edilmiş, digər müraciətlərin həllinə kömək məqsədilə səlahiyyətli orqanlar qarşısında məsələ qaldırılmışdır.
Bu sahədə görülən işlərin səmərəliliyinin artırılması məqsədilə əlavə tədbirlər müəyyənləşdirilmiş, rayonun idarə, müəssisə və təşkilatlarının, habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin iştirakı ilə Rayon İcra Hakimiyyəti başçısının kütləvi məskunlaşma yerlərində səyyar qəbullarının keçirilməsinə diqqət artırılmışdır. Bütövlükdə, 2015-ci il ərzində müxtəlif kütləvi məskunlaşma yerlərində 47 səyyar qəbul keçirilmiş, bu qəbullarda ümumilikdə 1833 nəfər iştirak etmişdir. Qəbullarda iştirak edən rayon sakinləri tərəfindən 114 müxtəlif məsələ qaldırılmışdır ki, onların 93-ü müsbət həll olunmuş, 28 məsələ barəsində yerində müvafiq tədbir görülərək izahat verilmişdir.
2015-ci il ərzində, əvvəlki illərdə olduğu kimi, sosial müdafiəyə ciddi ehtiyacı olan, ailə başçısı olmayan ailələrdən, II Dünya Müharibəsinin əlil və iştirakçılarından, şəhid və itkin ailələrindən, Qarabağ əlillərindən daxil olan 563 ərizə  Rayon İcra Hakimiyyəti başçısının Xeyriyyə Fonduna yönəldilərək həmin sakinlərə maddi yardımlar göstərilmişdir. Yaşadığı mənzilin dam örtüyünün və mənzilinin təmirinə kömək üçün müraciət etmiş 43 imkansız ailəyə maddi köməklik edilmiş, valideyn himayəsindən məhrum olmuş 23 uşağa Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına maddi yardım göstərilmiş, onlar qayğı ilə əhatə olunmuşlar.
2015-ci ilin yekunları ilə əlaqədar rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncaqları aşkarlıq və demokratiya şəraitində keçirilmişdir. Hesabat yığıncaqlarında, eləcə də, keçirilmiş səyyar qəbullarda əhalinin sosial problemləri, tənqidi qeydləri və təklifləri ümumiləşdirilərək Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın yığıncağında geniş və hərtərəfli müzakirə edilmiş, mövcud  nöqsanların aradan qaldırılması ilə bağlı hazırlanmış tədbirlər planı təsdiq olunmuşdur.
Dövlət qulluqçuları, təhsil və mədəniyyət işçiləri həmkarlar təşkilatlarının işlərinə nəzarət edilmiş, bu sahələrdə çalışan işçilərin ad günlərinin və yubileylərinin qeyd edilməsi təşkil edilmişdir. İl ərzində bu təşkilatların xətti ilə 86 nəfərin sanator müalicəsi və istirahətə göndərilməsi təmin edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı R.Həsənov məruzəsinin sonunda bildirdi ki, zəngilanlılar həmişə olduğu kimi, bundan sonra da Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq ölkə başçısının ətrafında sıx birləşəcək, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.
Rayon rəhbərinin məruzəsindən sonra çıxış üçün söz rayon Təhsil Şöbəsinin müdiri Z.İbrahimov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri M.Nəsirov, Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə M.Rəhimov, İctimai-Siyasi Humanitar Məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ş.Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri X.İsgəndərova verildi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağəli Əhmədov, Milli Məclisin deputatı İmamverdi İsmayılov yığıncaqda çıxış edərək rayonda ötən ilin yekunlarını müsbət dəyərləndirdilər.
Sonda yığıncaq iştirakçılarının yekdil rəyi ilə ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlandı.

Keçidlər