Şriftin ölçüsü :

Saytın rəngi :

AHILLAR GÜNÜ

07 oktyabr 2015 | 15:00

01 oktyabr-Beynəlxalq Ahıllar Günü münasibətilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhərinin «Xan bağı» şadlıq sarayında geniş bayram tədbiri keçirilmişdir.
     Rayonumuzun bütün ərazi dairələrini təmsil edən ixtiyar yaşlıların iştirakı ilə keçirilən tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov ötən ilki tədbirdən sonrakı dövrdə görülən işlər, baş vermiş yeniliklər haqqında ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, ölkə başçısının kursunu yerlərdə dürüst yerinə yetirmək üçün bütün imkanlardan istifadə edən Rayon İcra Hakimiyyətinin və Respublika Ağsaqqallar Şurasının mütəmadi qayğısı və əməli köməkliyi ilə Rayon Ağsaqqallar Şurası fəaliyyətini getdikcə daha dolğun və səmərəli qurur. Hazırda şurada idarə heyətinin və daimi komissiyaların nəzarəti və təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə, mədəniyyət şöbələrində və 22 ərazi nümayəndəliyində dayaq məntəqələri yaşlı nəslin nümayəndələri ilə fəal iş aparırlar. Eyni zamanda ziyalı ağsaqqalların vasitəsi ilə yerlərdə, xüsusən, məktəblərdə  yeniyetmə və gənclərin yurdsevərlik və hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində səmərəli işlər görülmüşdür.
Ahılların fəallaşdırılması, onlara göstərilən digər qayğılar barəsində çoxsaylı faktlar söyləyən X.İsgəndərov sonda bir daha  buraya toplaşan yaşlı nəslin nümayəndələrini gözəl gün münasibəti ilə təbrik edərək, xoş arzularını bildirmiş və sözü Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova vermişdir.
     Baş ucalığı, üz ağlığı ilə ömürlərinin zirvəsində qərarlaşan elimizin ağsaqqal-ağbirçəklərini əlamətdar bayram günü münasibəti ilə səmimi qəlbdən təbrik edən rayon rəhbəri böyük məmnunluq hissi ilə bildirmişdir ki, yaşlı nəslə göstərilən bugünkü qayğının təməlini Ulu Öndər Heydər Əliyev qoymuşdur. Bu kurs hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən geniş vüsətlə davam etdirilərək indiki yüksək mərhələyə çatdırılmışdır. Ölkədə, eləcə də, rayonda ahıllara göstərilən hərtərəfli qayğı, onların bilik və təcrübələrindən bəhrələnmək məqsədi ilə həyata keçirilən məqsədyönlü təşkilatçılıq işlərindən danışmaqla yanaşı, R.Həsənov Rayon Ağsaqqallar Şurasının son illərdəki fəaliyyətinə yüksək qiymət vermiş, əmin olduğunu bildirmişdir ki, şura işindəki səmərəliliyi artırmaq üçün bundan sonra da bütün imkanlardan istifadə edəcəkdir.
     Milli Məclisin deputatı İmamverdi İsmayılov həmişə olduğu kimi, öz çıxışını kövrək notlar üzərində qurmuş, el-obamızın sərvət boxçası olan nənə-babaları, bütün ixtiyar yaşlıları isti sözlərlə təbrik etmiş, onlara can-sağlığı, nəvə-nəticə, doğma yurd yerlərinə qovuşmaq sevinci arzulamışdır.
     Tədbir geniş konsert proqramı ilə davam etmişdir.

Keçidlər