Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat

16 iyul 2015 | 15:00

16 iyul 2015-ci il tarixində Zəngilan rayon icra hakimiyyətinin iclas zalında 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda rayon icra hakimiyyətinin nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
     Rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov məzuniyyətdə olduğu üçün tədbiri Başçının müavini  Seyfəddin Paşayev açıq elan edərək qeyd etdi ki, bu hesabat dövrü ilk Avropa  Oyunlarının keçirilməsi zamanına təsadüf  etmişdir.  Respublikamızda keçirilən bu tədbirin möhtəşəmliyi, təşkilatçılığı,  təqdimatı və oyunların keçirildiyi idman meydançalarının qısa bir müddət ərzində beynəlxalq standartlara uyğun hazırlanması ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurların: iqtisadi inkişafın,  daxili sabitliyin, zəngin və qədim mədəniyyətin, eyni zamanda, idmanın inkişafının parlaq təzahürüdür. Azərbaycan 21-i qızıl olmaqla,  ümumilikdə 56 medalla   ikinci yerə çıxaraq tarixi bir uğura imza atdı. Əlbəttə, qazanılan bu qələbə Azərbaycan xalqının kimliyini və müstəqil Azərbaycan dövlətinin qüdrətini  bir daha bütün dünyaya  nümayiş etdirdi.  Prezident cənab Ilham Əliyevin dediyi kimi: “Birinci Avropa Oyunlarının keçirilməsi tarixi hadisə idi, bu Oyunlar Olimpia Oyunları səviyyəsində keçirildi. Bu isə ölkəmizin potensialını və gücünü göstərdi”.
    Rayon icra hakimiyyəti I yarımildə mövcud 42871 nəfər əhalinin qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların fəaliyyətlərinə nəzarət etməklə, ictimai-siyasi sabitliyi diqqətdə saxlamışdır.
     2015-ci ilin birinci yarımilində statistikadan göründüyü kimi məşğul əhalimizin çalışdığı kənd təsərrüfatının əkinçilik və heyvandarlıq göstəricilərində ötən ilin eyni dövrü ilə müqayisədə artım olmuş, Ümumi Məhsul Buraxılışının həcmi və kənd təsərrüfatının müxtəlif sahələrində çalışanların sayı artmışdır.
    Məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və məşğulluğun artırılması məsələlərini tənzimləyən Dövlət Proqramında və Proqrama əlavələrdə icrası nəzərdə tutulmuş tədbirlərlə bağlı ötən illərdə olduğu kimi cari ilin I yarısında da bəzi işlər görülmüş, fərdi şəkildə köçürülmüş 37-ə yaxın məcburi köçkün ailələrin mənzil şəraitləri yaxşılaşdırılaraq yeni mənzillərə köçürülmüş, məcburi köçkün ailələrin müraciətləri əsasında üzləşdikləri çoxsaylı problemlərin qaydaya qoyulmasına müvafiq köməklik edilməklə, ağır şəraitdə yaşayan 20-dən çox köçkün ailəsinin yaşayış şəraitlərinin cari təmir hesabına qismən yaxşılaşdırılması üçün, onlara rayon icra hakimiyyətinin daxili imkanları hesabına maddi köməklik edilmişdir.
     2015-ci ilin I yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı artmış, 47 nəfəri gənclər və 45 nəfəri qadınlar olmaqla müraciət edən 85 nəfər iş axtaran sakin mərkəzdə qeydə alınmış, iş axtaranlardan 14 nəfəri mərkəz tərəfindən müxtəlif peşələrdə münasib işlə təmin edilmiş, 16 nəfər gənc «kompüter istifadəçisi» kursuna göndərilmişdir.
   2014/2015-ci tədris ilinin gedişindən göründüyü kimi I yarımildə bu sahədə aparılan işlər rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuş, tədrisin keyfiyyətinin yaxşılaşmasına, şagirdlərin mövcud tələblərə uyğun təhsil almalarına və vətənpərvərlik ruhunda tərbiyə olunmasına nəzarət edilmiş, 20 yanvar, Xocalı faciəsi, 31 mart soyqırım və digər bu  kimi müxtəlif xarakterli tədbirlərin keçirilməsinə önəm verilmiş, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılmasına diqqət yetirilmiş, tədris ilini buraxılış sinifləri üzrə 805 nəfər şagird başa vurmuşdur ki, onlardan da 391 nəfəri 11-ci sinif məzunu olmuş, rayon Təhsil Şöbəsi üzrə buraxılış imtahanlarının nəticələri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəyi ilə müsbət qəbul edilmişdir.

     Rayon Mərkəzi Xəstəxanasında ilin I yarısında sakinlərin tibbi problemlərinin aradan qaldırılması istiqamətində mövcud şəraitə uyğun iş aparılmış, qeydiyyatda olan 125 nəfər şəkər xəstəsi lazımi tibbi qayğı ilə əhatə olunmuş, Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin müvafiq tapşırığına uyğun olaraq rayon icra hakimiyyəti başçısı tərəfindən nəzarətə götürülmüş növbəti dəfə əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi işi 01 fevral 2015-ci il tarixdən təşkil edilmiş, mövcud şəraitsizliyə baxmayaraq may ayının sonuna kimi əhalinin 91%-nin tibbi müayinədən keçirilməsi təmin edilmişdir.
     Birinci yarımildə vətəndaşlardan, keçən ilin eyni dövrü ilə müqayisədə əsasən sayı az olmaqla 328 ərizə daxil olmuş, ötən illərin ənənəsi əsas götürülərək daxil olmuş ərizələrin, ev, torpaq verilməsi və Dövlət Proqramından əlavə köçürmə məsələləri istisna olmaqla, icrası vaxtında təmin edilmiş, rayon icra hakimiyyətinə ünvanlanmış ərizələrin 87%-i müsbət həllini tapmış, tənha sakinlərin, şəhid ailələrinin, Qarabağ əlillərinin, pensiyaçıların və digər həssas təbəqənin müraciətlərinə diqqətlə yanaşılaraq, onların qaldırdıqları bu və ya digər məsələ ətrafında lazımi tədbir görülmüşdür.
     Səyyar görüş və qəbulların mütəmadi olaraq nəzərdə tutulmuş vaxtlarda keçirilməsi davam etdirilmiş, səyyar görüşlərin əsasən bütün məskunlaşma yerlərini əhatə etməsi nəzərə alınmış, birinci yarımildə müxtəlif məskunlaşma yerlərində 25 səyyar görüş keçirilmiş, görüşlərdə 991 nəfərin görüşə qatılması ilə sakinlər tərəfindən qaldırılmış müxtəlif xarakterli 60 müraciətdən 29-u müsbət həll edilmiş, qalan müraciətlərə yerində hüquqi izahat verilmiş, məsələlərin bir çoxunun, verilmiş tapşırıq əsasında səyyar görüşlərdə iştirak edən idarə, müəssisə rəhbərləri tərəfindən həlli təmin edilmişdir.
     Rayon icra hakimiyyətinin başçısı tərəfindən I yarımil ərzində aparatda 127 nəfər qəbul edilmiş, şəhid ailələri, Qarabağ əlilləri, tənha və müharibə veteranlarına diqqətlə yanaşılmış, müraciətlərdə qaldırılan məsələlərdən mənzil və torpaq məsələsi, həmçinin yaş senzi ilə bağlı iş məsələsi istisna olmaqla, qalan məsələlər əsasən müsbət həllini tapmışdır.
      Yarımil ərzində icra hakimiyyəti başçısının Xeyriyyə Fondundan 17 şəhid ailəsinə, 15 nəfər Qarabağ əlilinə, 257 nəfər aztəminatlı və ailə üzvü xəstə olan ailələrə, 13 nəfər yası düşmüş ailələrə, ümumilikdə 302 nəfər məcburi köçkünə yardım edilmiş, evi yanan 4 ailəyə müvafiq maddi köməklik edilmiş, 12 imkansız məcburi köçkün ailəsinin müraciətləri əsasında mənzil şəraitlərinin yaxşılaşdırılması üçün Xeyriyyə Fondundan köməklik olunmuşdur.
     Ordunun hərbi sənaye qüdrətinin güclənməsinə kömək məqsədilə ötən illərdə qaldırılan təşəbbüsün tələbinə uyğun olaraq hər ay üçün Silahlı Qüvvələrin Yardım Fonduna vəsait köçürülməsi təmin edilmişdir.
    Yığıncaqda məruzə ilə çıxış edən Zəngilan rayon Maliyyə şöbəsinin müdiri Fuad Bəşirov, Zəngilan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Həsən Ələkbərov, Mərkəzi rayon xəstəxanasının baş həkimi Tariyel Salmanov cari ilin birinci  yarım ili ərzində ölkədə, o cümlədən rayonda görülən işlərdən bəhs edərək qeyd etilər ki, bu gün inamla demək olar ki, ölkəmiz hərtərəfli inkişaf yolundadır. İndi ölkə əhalisinin hər bir vətəndaşı yaxşı başa düşür ki, inkişafın qarantı ölkədə yaradılmış ictimai-siyasi sabitlikdən və hər bir kəsin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsindən çox asılıdır. 
      Müzakirəyə rayon icra hakimiyyəti Başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri S.Paşayev yekun vurmuş, əmin olduğunu bildirmişdir ki, həmişə olduğu kimi, zəngilanlılar bundan sonra da ölkə başçısının qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəklər.

Keçidlər