Şriftin ölçüsü :

Saytın rəngi :

AHILLAR GÜNÜNDƏ

01 oktyabr 2014 | 15:00

01 oktyabr-Beynəlxalq Ahıllar Günü münasibətilə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhərinin «Xan bağı» şadlıq sarayında geniş bayram tədbiri keçirilmişdir.
Rayonumuzun bütün ərazi dairələrini təmsil edən ixtiyar yaşlıların iştirakı ilə keçirilən tədbirdə rayon ağsaqqallar şurasının sədri Xuduş İsgəndərov ötən ilki tədbirdən sonrakı dövrdə görülən işlər, baş vermiş yeniliklər haqqında ətraflı məlumat vermişdir.
Qeyd etmişdir ki, ölkə başçısının kursunu yerlərdə dürüst yerinə yetirmək üçün bütün imkanlardan istifadə edən rayon icra hakimiyyətinin və respublika ağsaqqallar şurasının mütəmadi qayğısı və əməli köməkliyi ilə rayon ağsaqqallar şurası fəaliyyətini getdikcə daha dolğun və səmərəli qurur. Hazırda şurada idarə heyətinin və daimi komissiyaların nəzarəti və təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə, mədəniyyət şöbələrində və 22 ərazi nümayəndəliyində dayaq məntəqələri yaşlı nəslin nümayəndələri ilə fəal iş aparırlar. Həyat və fəaliyyətləri ilə gənc nəslə nümunə olan İmran Allahverdiyev, Nəriman Kərimov və Gülnaz Məmmədovanın yubileyləri ötən bir il ərzində qeyd olunmuş, 65 yaşdan yuxarı 2900 ahıl (bunlardan 1680-ı qadın, 335-i ziyalılardır) arasında mədəni kütləvi iş aparılmış, rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun yaxından köməkliyi ilə onların bir çoxunun qaldırdıqları məsələlər həll edilmiş, ağsaqqal-ağbirçəklərə maddi və mənəvi köməkliklər göstərilmişdir. Eyni zamanda ziyalı ağsaqqalların vasitəsi ilə yerlərdə, xüsusən məktəblərdə  yeniyetmə və gənclərin yurdsevərlik və hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində səmərəli işlər görülmüşdür.
Ahılların fəallaşdırılması, onlara göstərilən digər qayğılar barəsində çoxsaylı faktlar söyləyən X.İsgəndərov sonda bir daha  buraya toplaşan yaşlı nəslin nümayəndələrini gözəl gün münasibətilə təbrik edərək, xoş arzularını bildirmiş və sözü RİH-nin başçısı cənab Ramiz Həsənova vermişdir.
Baş ucalığı, üz ağlığı ilə ömürlərinin zirvəsində qərarlaşan elimizin ağsaqqal-ağbirçəklərini əlamətdar bayram günü münasibəti ilə səmimi qəlbdən təbrik edən rayon rəhbəri böyük məmnunluq hissilə bildirmişdir ki, yaşlı nəslə göstərilən bügünkü qayğının təməlini Heydər Əliyev şəxsiyyəti, müdrik, uzaqgörən siyasəti qoymuşdur. Bu kurs hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən geniş vüsətlə davam etdirilərək indiki yüksək mərhələyə çatdırılmışdır. Ölkədə, eləcə də rayonda ahıllara göstərilən hərtərəfli qayğı, onların bilik və təcrübələrindən bəhrələnmək məqsədilə həyata keçirilən məqsədyönlü təşkilatçılıq işlərindən danışmaqla yanaşı, cənab R.Həsənov rayon ağsaqqallar şurasının son illərdəki fəaliyyətinə yüksək qiymət vermiş, əmin olduğunu bildirmişdir ki, şura işindəki səmərəliliyi artırmaq üçün bundan sonra da bütün imkanlardan istifadə edəcəkdir.
Nitqini ahıllara ünvanlanan xoş arzularla tamamlayan RİH-nin başçısı cənab R.Həsənov rayon ağsaqqalları Telman Məmmədov və Oqtay Ələkbərovu 75, Əyyub Qafarov və Süleyman Məmmədovu 80 illik yubileyləri münasibətilə ürəkdən təbrik etmişdir. Sonra yubiliyarlara RİH-nin hədiyyələri təqdim olmuşdur. Rayon ağsaqqallar şurasının sədri Xuduş İsgəndərov da göstərdiyi səmərəli fəaliyyətə görə mükafatlandırılmışdır.
Milli Məclisin üzvü İmamverdi İsmayılov həmişə olduğu kimi, öz çıxışını kövrək notlar üzərində qurmuş, el-obamızın sərvət boxçası olan nənə-babaları, bütün ixtiyar yaşlıları isti sözlərlə təbrik etmiş, onlara can-sağlığı, nəvə-nəticə, doğma yurd yerlərinə qovuşmaq sevinci arzulamışdır.
Rayon ağsaqqallarından Oqtay Ələkbərov, Telman Məmmədov, Hüsü Hüsüyev, Əyyub Qafarov, Əlqəmə Orucov, respublika ağsaqqallar şurasının məsul nümayəndəsi Qədir Əliyev də rəsmi və əbədi-bədii hissədən ibarət olan bu yaddaqalan, maraqlı tədbirdə çıxış etmiş, öz ürək sözlərini, səmimi arzularını dilə gətirmişlər.
Məlahətli səsi, yüksək ifaçılıq bacarığı ilə sevilən həmyerlimiz Tural Salmanovun, eləcə də respublikanın əməkdar artistləri Ruhəngiz  Allahverdiyevanın, Vüsalə İbrahimovanın, həmçinin  Allahverdi Xəyal və Könül Bayramovanın iştirak etdikləri, rayon mədəniyyət evinin «Süsən» instrumental ansamblının müşayiəti ilə keçən tədbirin bədii hissəsi ahıllarda xoş ovqat yaratmaqla davamlı olaraq alqışlanmışdır.

Keçidlər